Saturday, October 24, 2020

SAĞ ƏL VERDİYİNİ SOL ƏL BİLMƏSİN, YA BİLSİN?

Written by  Aprel 10 2020
Rate this item
(0 votes)

SAĞ ƏL VERDİYİNİ SOL ƏL BİLMƏSİN, YA BİLSİN?

Son zamanlar bölgəmizdə məlum karantin vəziyyətindən dolayı rayon rəhbərlikləri ilə birgə ehtiyaclı ailələrə müəyyən miqdarda yaxşılıq edən həmvətənlərimizlə rastlaşırıq. Bu vəziyyəti görüncə sevinir, xalqımızla qürur hissi keçiririk. Ara-sıra yardımların sosisal şəbəkələrdə paylaşımlarına görə bəzilərinin mənfi fikirli rəylərinə rastlaşdığım üçün, bu məsələyə öz münasibətimi bildirməyi düşünüb aşağıdakı bir neçə sualı cavablandırmağa çalışdım.

ƏL TUTMAQ AŞKARMI, YOXSA GİZLİNMİ OLMALI?
İslam şəriətində imkanımıza görə mal varlığımızdan bir növ dini vergi hesab olunan “Xums” və “Zəkat” ödəməyimiz vacib olaraq əmr olunub. Dinimizə görə bu vacib əməlin açıq-aşkar olması tövsiyə olunur. İmam Baqir (ə) buyurur: “Vacib zəkatı aşkarda, müstəhəb olan zəkatı isə gizlində təqdim edin”.
Çünki bu vacib zəkatlar hər bir kəsə aid olduğundan, Ramazanda tutulan vacib oruc kimi bu halda riya olma ehtimalı olduqca azdır. Vacib zəkatın belə açıqca verilməsi, “O da zəkatını verməyib”,- deyənlərin töhmətindən qurtarır, eyni zamanda başqalarına da müsbət örnək olur.

Ancaq “Sədəqə” kimi qeyri-vacib ehsan və yaxşılıqların könül işi olmasına görə, gizlində yerinə yetirilməsi tövsiyə olunub. Çünki:

  1. Sədəqə verən riya, minnət, xüdbinlik və s. xoşagəlməz xislət və iddialara malik olmasın,- deyə;
  2. Ətrafdakı insanlar, halından dəqiq agah olmayan kasıbın sədəqəni “elə-belə, ehtiyacsız” olduğu halda aldığını zənn edərək onun haqqında sui-zənnə düşməmələri üçün. Həm də belə halda həmin ehtiyaclı yoxsulu pisləyib, onun qeybəti edilməsin,- deyə;
  3. Hədislərdə, “Verən əl, alan əldən üstündür”- buyurulur. Sədəqə aşkara veriləndə kasıb zillətə düşə, utana, könül qırıqlığı yaşaya bilər. Buna görə də ehtiyaclı insan alçalmasın deyə.

ƏL TUTMAQ NƏ ZAMAN AÇIQ VƏ NƏ ZAMAN GİZLİ OLA BİLƏR?
Dinimizə görə hər bir xeyir iş Sədəqə-Yaxşılıq hesab oluna bilər. Hətta əgər insanların yolunun gediş-gəlişinə maneçilik yaradan bir daşı kənarlaşdırmaq, insanlara bir elm və bilgi vermək də, sədəqə, yəni yaxşılıq hesabındandır.

Həzrət Peyğəmbərimiz (s) fəqir və yoxsullara yardım etmək müəyyən günahların bağışlanmasına və bəlaların uzaq olmasına səbəb olduğunu da bildiribdir.
Ancaq, edilən yaxşılıq mütləq gizlinmi olmalı? Aşkar da ola bilərmi? Sualına gəlincə qeyd edək ki, minnət və xüdbinlik kimi günaha bulaşmadan edilən bütün “əl tutma”lar və yaxşılıqlar istər aşkarda olsun, istərsə də gizlində, özlüyündə pis əməl ola bilməz. Kimsənin də buna bu tərzdə yanaşması yolverilməzdir. Sadəcə, birinin Allah yanında mükafatı digərindən üstün olduğunu bilən bircə Adil Allahdır. Bu məqamda tək insanların razılığı ilə birgə, Allahın razılığı da qazınılmış olunur.

Allah Təala bu haqda buyurur: “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır”. (“Bəqərə” 271).
Bir də unutmayaq ki, dinimizə görə əməllər məqsəd və niyyətlərə bağlıdır. Necə ki, Peyğəmbərimiz (s) “Əməllər niyyətlərə bağlıdır” deyə buyurur. Hər kəsin yaxşı və saleh əməlinin Allah yanında daha da dəyərli edən hansı niyyətlə əməlini icra etməsinə bağlıdır.

Qurani-Kərim bizə buyurur ki, sədəqənin dəyərinə pis məqsəd və əməllə kölgə salmayın. “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264).
Allah özümüzə edilən bütün ehsanları və yaxşılıqları ali dərəcədə qəbul etsin, bu işdə zəhmət çəkənlərdən razı olsun. Özümüzə edilən dedim, çünki Allah özü buyurur: “Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz... (“isra”, 7).

Böyüklərimiz tövsiyə edir ki, yaxşılıq edənlərə gözəl şəkildə əməlini izah edin, xeyir işlərə daha da həvəsləndirin. Çalışaq ki, rişğənd və yersiz qınamaqla əsla xeyir işin qarşısının alınmasına bais olmayaq. Mümkün qədər bu günkü məqamda, dar ayaqda xeyir işləri xəbər kimi paylaşmaqla, cəmiyyətimizdə bir əhval-ruhiyyə yaratmaqla yanaşı, hədiyyə paylaşımlarında qəbul edən yaxınlarımızın şəkilini açıq çəkməkdən özümüzü uzaq tutaq. Ümumi iş prosesindən müəyyən fotokadrlar sadəcə xeyirxahlığın təbliği məqsədilə məqbul sayıla bilər. Bu həm də onların xəcalət çəkməsinə, utanıb-həyacanlanmasına səbəb olmaz. Bu halda bəndəyə də, inşallah ki Allaha da xoş gələr.

Sonda onu da qeyd edim ki, bəzi hallarda məqsədli şəkildə sədəqəni ictimaiyyətə aşkar edib onu sərt tənqid edənlər sırasında imkanlı simiclər də az olmur. Şübhəsiz Allah hər kəsin niyyətinə görə əməlinin qarşılığını verəcəkdir. Quran-Kərimdə oxuduğumuz kimi: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də qarşılığını alacaqdır” (“Zəlzələ, 7-8)

Ramin İgidov

Read 415 times Last modified on Last modified on Aprel 10 2020