Saturday, December 15, 2018

BİZDƏN DEYİLDİR!

Written by  Dekabr 05 2016
Rate this item
(0 votes)

Orucun tutmayan, namaz qılmayan, 
Tanrıdan qorxmayan haqqı bulmayan, 
Fəqiri, miskini yada salmayan,
Paxıl yaşayanlar bizdən deyildir!

 

Günahsız qan töküb, savab sayanlar,
Fitnəyə qurşanıb, fəsad yayanlar, 
Qocaya, körpəyə, cana qıyanlar,
Zalim yol azanlar bizdən deyildir!

Xaliqçün, xilqətin payın bölməyən,
Sevgi əsirgəyən, yardım bilməyən, 
Nifrin, kin yerinə rəhmi gəlməyən,
Daşürək olanlar bizdən deyildir!

Qonşusu ac ikən özü tox yatan, 
Haram qazanc edən, haram mal satan,
İnsanı aldadan, oğurluq qatan, 
Qul haqqı alanlar bizdən deyildir!

Əmanət bilməyən, əhd eşitməyən, 
Sözünə zidd çıxan, vəfa etməyən, 
İşinə doğru, həm dürüst yetməyən 
Kəzzablar, yalanlar bizdən deyildir!

Günaha harama diqqətsiz qalan,
Nəfsində sorğudan çox uzaq olan,
Valideyn incidən ahların alan,
Haqları dananlar bizdən deyildir!

Hacı Ramin İgidov 05.12.2016

Read 454 times Last modified on Last modified on Dekabr 27 2017