Wednesday, September 19, 2018

Oruc həm ruhun və həmdə bədənin sağlamlığıdır.

Written by  Mart 04 2010
Rate this item
(0 votes)

 Əsl müsəlman dinin budaqları və müsəlmanın vəzifəsi olan Firuidinə  tam əməl etməlidir. Firuiddin 10-dur: Namaz, Oruc, Həcc, Cihad, Xums, Zəkat, Əmr be məruf, Nəhy əz münkər, Təvəlla və Təbərra.

 

Göründüyü kimi Oruc həddi buluğa yetişən bütün müsəlmanın ikinci vəzifəsi olub,  hicri qəməri təqvimi ilə Ramazan ayında vacib edilmişdir. Bu əməl min aydan üstün olan Allah ayında Allaha yaxın olmaq qəsdi ilə yerinə yetirilən bir ibadətdir.

Oruc insana səbirli olmağı, özündə dözüm, cəsarət, rəhmdillik tərbiyə etməyi öyrədir. Oruc eyni zamanda nəfsi tərbiyə etməklə Allahın düşmənlərinə qalib gəlmək üçün bir vasitədir.

Oruc mənəvi saflaşdırmaqla, insan ruhunu paklamaqla yanaşı tibbi cəhətdən də onun cismini, bədənini sağlamlaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini, görmə qabiliyyətini gücləndirir, qan təzyiqinin tənzimlənməsinə, köklüyün, ürək və damar xəstəliklərinin müalicəsinə, əsəb sisteminin sakitləşdirilməsinə kömək edir. Hətta oruc, müasir təbabətdə geniş tətbiq edilən ciddi pəhriz - aclıqla müalicə üsulu ilə də müqayisə edilir. Məhəmməd Peyğəmbərin (s) “Oruc tutun - sağlam olun!”, “İnsanın mədəsi xəstəliklərin məkanıdır, pəhriz saxlamaq isə onun dərmanıdır” kimi hədisləri də bunu təsdiq edir. Deməli Oruc həm ruhun və həmdə bədənin sağlamlığıdır.

Oruc - oruc tutması vacib olan insanların niyyət edərək dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq olmalıdırlar.

Oruc tutmaq ibadəti hələ İslamdan da əvvəl başqa dinlərdə və təlimlərdə dini hökm olaraq mövcüd idi. Hətta qədim ərəblər belə öz allahları naminə oruc tuturdular.Qurani-Kərimdə bu barədə buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə buna görə təqvalı olasınız (pis əməllərdən çəkinəsiniz)”(“Bəqərə” surəsi, 183-cü ayə).

Yəhudilik, xristianlıq və islam oruca münasibətdə bir çox cəhətdən oxşardırlar. Bunların hamısında oruc hansısa təqvim gününə bağlıdır. Bundan başqa, oruc təkcə yeməyə məhdudiyyətlə bitmir, insandan saleh əməl, Allaha yaxınlaşmaq üçün düşüncələrini təmizləmə tələb olunur. Bu dinlərin hər birində oruc bitəndə bayramla qeyd olunur və s. Əhdi-ətiqdən bəlli olur ki, o vaxt oruca Allaha yaxınlaşmaq vasitəsi kimi baxıblar. Bu ibadətin insanı dəyişdirdiyini düşünüblər. Hesab ediblər ki, ruhun bədənin təsirindən çıxmasına orucla nail olmaq olar. Eyni zamanda, o da məlum olur ki, o vaxtlar fəlakətlərdən qorunmaq üçün kütləvi oruc tutulurmuş.

Mahiyyətcə ibadət xarakteri daşıyan oruc tutmaq səmavi din və bəzi təlimlərdə böyük əhəmiyyətə malik olduğundan hər dində müəyyən qaydalar və şərtlərlə qeyd olunur. Yazımızın bu hissəsində dinlərdəki orucluq məsələsini ayrıca qeyd etməyi lazım bilirik.

YƏHUDİLİKDƏ ORUC

Yəhudilikdə uşaqlar on iki yaşından oruc tuta bilərlər. Vacib sayılan əsas oruc Yom kippur (bağışlanma günü) adlı kəffarə orucudur. Yom Kippur yəhudi təqviminin ilk ayı olan Tişrinin onuncu günüdür. Bu tarix Məhşər günü də adlanır. Yəhudilər bu günlərdə günahlarından peşmançılıq bildirir, tövbə edir, bağışlanmalarını istəyirlər. Belə izahlar var ki, Musa peyğəmbər Tur dağına Allah taaladan buyruqlar almaq üçün çıxanda o vaxtkı yəhudilər qızıl bir buzova sitayiş ediblər. Bağışlanma tədbirləri də məhz bu səbəbdəndir, Bu zaman oruc belə tutulur: imsaq əvvəlki axşam gün batanda başlayır. Yəni gün batandan oruc başlayır və səhəri gün ilk iki ulduz çıxana qədər davam edir. Bu müddətdə yeyib-içmək yasaqdır. Bu, haradasa iyirmi beş saat sürür. Xəstələr istisna olmaqla on iki yaşından yuxarı hər kəs oruc tutmalıdır. Oruc zamanı intim əlaqə, dəri ayaqqabı geymək, dişləri təmizləmək, pul xərcləmək, ətir, sabun, makiyacdan istifadə yasaqdır. Hamilə qadınlar adi adamlar kimi bütün günü oruc tuturlar. Əgər südəmər körpəsi olan ananın uşağı xəstədirsə və süddən başqa heç nə istəmirsə və uşağın həyatı üçün təhlükə ola bilərsə, o, oruc tutmamalıdır. Əgər hamilə qadın hansısa yeməyin qoxusunu duydusa və «Mən yemək istəyirəm» dedisə, onun qulağına pıçıldayırlar ki, bu gün Yom Kippurdu. Deyirlər ki, bəzən bu, kifayət edir ki, sakitləşsin. Xeyri olmasa, barmağını şorbaya batırırlar. Bu da kifayət eləməsə, azca yemək verilir. Birinci gecə və demək olar ki, bütün növbəti gün ərzində yəhudilər sinaqoqa toplanır, bu gün üçün hazırlanmış olan duaları oxuyurlar. Təmizlik simvolu olan ağ rəngli paltar geyinirlər. Axşam yeməyi üçün toyuq supu hazırlanır. Misir yəhudiləri oruc qabağı yumurta ilə limon supu yeyirlər. Oruc qabağı bütün yeməklər yüngül olmalı, nə çox duzlu, nə də şirin olmalıdır ki, susuzluğa səbəb olmasın.

Yom Kippurda həm də ölənləri xatırlayıb dua oxuyurlar. Çünki düşünürlər ki, ölənləri xatırlama insanın ürəyini yumşaldır. Bunu bir də ona görə edirlər ki, ölənlərin də tövbəyə - günahlarını yumağa ehtiyacı olduğunu düşünürlər. Hazırda yəhudilikdə başqa oruclar da var: Nə vaxt öldüyü məlum olmayan qohumların xatirəsinə tutulan oruc. Bu oruc faşizmin öldürdüyü yəhudilərin xatirəsinə hörmət olaraq qəbul olunub. Bir gündür. Səhər başlayır və axşam qurtarır. Şiva asar: Yerusəlimin dağıdılması ilə bağlı orucdur. Tişabe-av: Ciddi orucdur. Eramızın yetmişinci ilində Yerusəlimdə məbədlərin dağıdılması ilə bağlıdır. Bu günlərdə ət yeyilmir və şərab içilmir. Bu oruc da Yom Kippurda olduğu kimi, axşam başlayır və bir sutka davam edir. Yəhudilikdə də oruclar ay təqvimi ilə olduğundan il boyu dəyişir.

XRİSTİANLIQDA ORUC

Xristianlaqda oruclar il ərzində iki yüz gün əhatə edir. Bunların dördü uzunmüddətlidir. Pasxadan əvvəl böyük oruc – 7 həftə, Pyotr orucu - 8-42 gün, Uspensk orucu – iki həftə, mövlud və ya Filip orucu 15 noyabrdan yeni ilə qədər. Bundan başqa birgünlük oruclar da var- çərşənbə və cümə günləri. Katolisiszmdə orucların müddəti daha azdır, amma bir günlük oruclara şənbə də əlavə olunur. Protestantlıqda orucun reqlamentasiyası yoxdur. Amma bəzi konfessiyalarında günlük oruc tutulur, o da hər bir fərdin şəxsi işi kimi. Xristianlıqda oruc fərzdir və kilsənin üçünücü əmridir. Orucun vaxtı və qaydaları məsələsində xristian məzhəbləri arasında fərqlər var. İyirmi bir yaşı tamam olan adamın oruc tuta biləcəyi deyilir. Və altmış yaşına qədər tutulur. Xristianlıqda orucun iki çeşidi var. Şükran orucu və kilsə orucu. Çərşəmbə, cümə və şənbə günləri, bəzi bayram ərəfələri oruc üçün təşfiq edilir. Bu, İsa peyğəmbərin çərəşəmbə günü ələ keçməsi, cümə günü çarmıxa çəkilməsi, şənbə günü isə basdırılması ilə əlaqələndirilir. Pasxa öncəsi iki gün oruc tutmaq da xristianlarda yayılmış bir ənənədir. Hesab edirlər ki, pasxa günü İsa peyğəmbər dirilib və göyə yüksəlib. Xristian orucu ciddi ola bilər, amma tam aclıq bu oruclarda olmur. Adətən, heyvani mənşəli qidalardan uzaq durur, bitki mənşəli qidalar qəbul edirlər. Bəzi oruclarda balıq və balıq məhsulları yeməyə icazə var. İndikindən fərqli olaraq qədimlərdə xristianlar bir neçə həftə (qırx günə qədər) hər cür yeməkdən imtina edərdilər.

Xristianlıqda inanılır ki, oruc insanı təkcə fiziki cəhətdən təmizləmir, onun biosahəsini də arındırır. Öz iştahını nəzarətə alan adam ruhani cəhətdən də təmizlənir. Xristian ilahiyyatçılarına görə, oruc nuru zülmətdən ayırmaq üçündür. Varlıq kitabında deyilir ki, Allah əvvəlcə nuru zülmətdən ayırıb, sonra yaradılışa başlayıb. Buna görə İsa peyğəmbər də qırx gün oruc tutub. Məqsədi bu olub ki, ilahi sözü şeytani sözdən ayıra bilsin. Xristianlar düşünür ki, Allah nuru zülmətdən ayıra bilməyən adamın üzərinə mükəlləfiyyət qoymaz.

BUDDİZMDƏ ORUC

Buddizm oruca ən çox əhəmiyyət verən dinlərdəndir. Bu dində oruc özünənəzarətin yeganə yolu sayılır. Buddaya görə, hər kəs iki ayda bir dəfə oruc tutmalı və bu zaman cəmiyyət içində özünü ifşa eləməli – yol verdiyi günahları etiraf etməlidir. Buddanın fikrincə, əbədi qurtuluşa – nirəvanaya çatmaq üçün insan buna əngəl olan arzulardan vaz keçməlidir. Arzulardan qurtarmağın ən əsas yollarından biri isə oruc tutmaqdır. Budda mətnlərində bir asket haqqında hekayə var. Qəddar şahın əmri ilə onun vəhşicəsinə döyürlər, sonra əllərini və ayaqlarını qoparırlar, amma o bütün bunları sakitliklə qarşılayır, bir dəfə də olsun qəzəb və ya kin göstərmir. Bunu belə izah edirlər ki, o, öz ruhunu hissi həzzləri məhdudlaşdırmaqla inkişaf etdirib. Hind dinlərindən barahmanizm-də hər ayın 12-ci və 13-cü günlərində oruc tutmaq ənənəsi var. Bu dində nə yaşlılar, nə xəstələr, nə də uşaqlar orucdan azad deyillər. Bəziləri insani istəklərinə qalib gəlmək üçün 15 günlük oruc tuturlar. Bu müddət ərzində bir içim su içmək olar. Başqa nəsə yeymək və ya içmək orucu pozur.

Hacı Ramin

Read 329 times