Wednesday, May 27, 2020

ALLAHIN EV SAHİBLİYİ ETDİYİ MƏNƏVİYYAT VƏ BƏRƏKƏTDOLU RƏHMƏT AYI BAŞLAYIR

Written by  Aprel 21 2020
Rate this item
(0 votes)

ALLAHIN EV SAHİBLİYİ ETDİYİ MƏNƏVİYYAT VƏ BƏRƏKƏTDOLU RƏHMƏT AYI BAŞLAYIR

Mübarək Ramazan ayı daxil olur. Bu bərəkətdolu ay mənəvi qidalanma ayıdır.
Qurani-Kərimin nazil olduğu bu ayda hər kəs şeytani xüsusiyyətlərdən və nəfsani istəklərdən uzaq durmaqla günahlarını əfv etdirib, dualarının qarşılığını, ibadətlərinin mükafatını əldə edə bilərlər.
Bu Allah ayında dua, oruc, namaz və bütün ibadətlərinizin qəbul olunmasını diləyirik.
Allah-tala bu ayın və bu ayda edilən ibadətlərin hörmətinə dünyaya və ölkəmizə sülh, əmin-amanlıq, bol ruzi, sevinc və xöşbəxtlik nəsib etsin.
Uca Yaradan məlum virusun qara buludlarını ölkəmizin və dünyanın üzərindən götürsün. Amin!

HZ MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) RAMAZAN XÜTBƏSİ

Həzrət Əli (ə) buyurur: Mübarək Ramazan ayının gəlişilə bağlı Peyğəmbər (s) bizlərə belə bir xütbə oxudu: «Ey camaat, doğurdan da Allah-taalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadətdir və əməlləriniz qəbul, etdiyiniz dualar müstəcab olur. Elə isə Allah taaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin. Doğurdan da bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya. Bu ayda ac susuz qalmaqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın yoxsullarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrəbanıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın, baxılası halal olmayan şeylərə göz yumun, eşidilməsi haram olan şeylərdən qulaqlarınızı gözləyin. Yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərinizlə mehriban olsunlar. Günahlardan Allaha tərəf qayıdın və əllərinizi dua etmək üçün namaz vaxtı göylərə qaldırın. Çünki namaz vaxtı ən gözəl anlardır. Bu anlarda Allah-taala öz bəndələrinə rəhmət gözüylə baxıb Onu çağırarkən onları cavablayır. Onu səslərkən ləbbeyk deyir və dua edərkən müstəcab edir.

Ay camaat! Doğurdan da canlarınız (ruhunuz) əməllərinizin zaminidir. Allahdan rəhmət (bağışlanma) diləməklə zaminlikdən qurtarın, boynunuzda ağır günah məsuliyyəti var, uzun uzadı səcdələr etməklə günahlarınızı yüngülləşdirin. Bilin ki, Allah-taala and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və qiyamət günü onları Cəhənnəm odu ilə qorxutmayacaq.

Ay camaat! Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş bir möminə iftar verərsə, Allah-taala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb keçmiş günahlarını əfv edər. Səhabələrdən bəzisi dedi: «Ya Rəsuləllah! Axı hamımızın buna imkanı çatmır». Peyğəmbər (s) buyurdu: «Oruc tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü Cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah-taala həmin savabı verər.

Ay camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə sirat körpüsündən asanlıqla ötüb keçər və hər kəs bu ayda öz qul və ya kənizinin işini asan tutarsa, Allah da onun hesab-kitabını qiyamətdə asan edər. Bu ayda öz şərrini camaatdan uzaq edən şəxsdən Allah-taala qiyamət günü öz qəzəbini uzaq edər. Kim bu ayda atasız bir yetimə qayğı göstərərsə, Allah da qiyamət günü onun özünə qayğı göstərib mərhəmət edər. Kim bu ayda öz qohum əqrəbasına yaxşılıq etsə, Allah da qiyamətdə onu öz rəhmətinə qovuşdurar, kim də bu ayda qohum-əqrəbasına yaxşılıq etməzsə, Allah da qiyamətdə onu öz rəhmətindən uzaq edər. Kim bu ayda müstəhəbb bir namaz qılsa, Allah-taala onun Cəhənnəm odundan azadlığına hökm verər. Kim bu ayda vacib bir namaz qılsa, Allah-taala ona başqa aylarda qılınan yetmiş namazın savabını verər. Kim bu ayda mənə çox salavat göndərərsə, əməl tərəzilərinin yüngülləşəcəyi gün Allah-taala onun əməl tərəzisini ağırlaşdırar. Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-taala başqa aylarda bir Quran oxumuş şəxsin savabını verər.

Ay camaat! Həqiqətən bu ayda Cənnət qapıları üzünüzə açılmışdır. Allahdan istəyin ki, onları üzünüzə bağlamasın və Cəhənnəm qapıları üzünüzə bağlanmışdır. Allahdan istəyin ki, onları üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişlər. Allahdan istəyin ki, onları sizə hakim etməsin»...
_________________________________________

Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua:

DUANIN OXUNUŞU
Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.

DUANIN TƏRCÜMƏSİ
Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlidir.

İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Read 60 times Last modified on Last modified on Aprel 30 2020