Friday, May 24, 2019

MARNEULİDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  Aprel 21 2019
Rate this item
(0 votes)

Bu gün Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib.


Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və yerli ruhaniləri ilə birgə Gürcüstan parlamentinin millət vəkili Ruslan Hacıyev, ölkəmizdə səfərdə olan İİR-nın Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Əli Rza Təqəvi, mərasim üçün dəvət olunan Tür...kiyə Cəfəri Alimlər Birliyinin sədri (CABİR) Hasan Karabulut və nümayəndə heyəti qatılıb.

Dəyərli din xadimi Məşədi Vidadi Qurbanovun aparıcılığı ilə keçirilən mərasim İğdırdan qonaq olan Hacı Seyid Mir Haşimin Qurani-Kərimdən bir neçə ayənin tilavət etməsi ilə başladı. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb təbrik etdikdən sonra Hz. Mehdinin (ə) zühuru haqda fikirlərini bildirib. O qeyd edib ki, “yaşadığımız zülm və fəsad dolu bir zamanda zamanamızın imamı olan Hz. Mehdinin (ə) zühuruna ehtiyac günü-gündən çoxalmaqdadır. Hər kəs intizardadırlar ki, bir gün gələcək. O, nahaq yerə günahsızların axıdılan qanlarına, süngülərdə doğranan məsum körpələrin zarıyaraq keçinməsinə, gözü yaşlı ana-bacıların əli qoynunda ah-naləsinə cinayətlərə və hər növ ədalətsizliklərə son qoyulacaq”.
Tədbirdə iştirak edən millət vəkili Ruslan Hacıyev təbrik və xoş arzularını çatdırıb. Gürcüstan dövlətinin bütün dinlərin bir yerdə sülh şəraitində yaşamasına və bərabər şəkildə inkişafına xüsusi diqqət ayırdığını bildirib.

Daha sonra İran və Türkiyədən olan dəyərli din alimləri gözlərdən gizlin olsa da hər zaman bizimlə olan imamımızın qeybətdə olmasının mahiyyət və səbəbləri, zühur əlamətləri və zühur üçün müsəlmanların üzərinə düşən məsuliyyətlər və s. mövzularda ətraflı məlumat veriblər.
İki saat sürən mərasimdə yerli əhlibeyt məddahları Səid Həsən və Anar Cəfərinin ifasında ilahilər səsləndirildi, şeir və qəzəllər oxundu.

Nəhayət sonda mərasim Fərəc və İmam Zaman (ə) duası oxunmaqla başa çatdı. Mərasimdə İmam Zamanın salamatçılığı, ölkə və dünyanın barış, rifah və bolluq içində olması üçün də dualar edildi.

Qeyd edək ki, ölkəmizin bu ilin dini təqvimində Hz. Mehdinin (ə) təvəllüdü də digər dini bayramlarla yanaşı dərc olunubdur.
...
Onu da qeyd edək ki, Şaban ayının 15-i müsəlmanların sonuncu imamı Həzrət Məhəmməd ibn Həsən əl-Məhdinin (ə) mövludu günüdür. Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyi inancını qəbul edir və buna inanır. “Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəbləridir.

Read 64 times