Thursday, August 6, 2020

GÜRCÜSTANIN BAŞ NAZİRİ MÜSƏLMAN DİNİ İCMA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Written by  Avqust 01 2020
Rate this item
(0 votes)

GÜRCÜSTANIN BAŞ NAZİRİ MÜSƏLMAN DİNİ İCMA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Bayram günü Baş nazir Giorgi Qaxaria Hökumət Administrasiyasında ölkənin müsəlman din rəhbərləri ilə görüş keçirib. Hökumət başçısı müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Görüşdə baş nazir bildirib ki, Gürcüstanın gücü onun müxtəlifliyindədir: “Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”.

G.Qaxarianın sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir: “Gürcüstanda yaşayan bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm. Təəssüf ki, virusun yayılması səbəbindən bayramı lazımı qaydada qeyd edə bilmirik, amma ümid edirik ki, belə bir hal ilk və son olacaq.

Ölkəmizin gücü müxtəlifliyimizə əsaslanır. Müsəlman qardaşlarımız bütün digər Gürcüstan vətəndaşları kimi bizim qardaşlarımızdır. Biz bu ölkəni birlikdə qururuq, ona qayğı göstərir və bu ölkənin gələcəyi üçün birlikdə çalışırıq. Ən əsası, bunu birlikdə, uğurla edirik və gələcəkdə də edəcəyik. Bu bayram münasibətilə hər bir müsəlmanı bir daha təbrik edirəm və ümid edirəm ki, indiyə qədər birlikdə işlədiyimiz kimi bundan sonra da əl-ələ verib pandemiyaya birlikdə qalib gələcəyik. Sizə uğurlar, can sağlığı və bu ölkənin gələcəyi, cəmiyyətimizin gələcəyi üçün birgə önəmli işlər arzulayıram. Hər zaman olduğu kimi bundan sonrada bir-birimizə qayğı göstərməliyik", - deyə baş nazir bildirib.

Qeyd edək ki, görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Adam Şantadze və digər din xadimləri də iştirak ediblər.

Gürcüstan müftisi Adəm Şantadzen Gürcüstanın bütün müsəlman vətəndaşları vətənpərvər ruhda tərbiyə olunduğunu və ölkənin demokratik inkişafına və vahid, güclü bir dövlətin yaradılmasına töhfə verməyə çalışdığını bildirib. Ötən Ramazan ayında olan iclasda söylənilən problemlərin həllinə çalışılacağına ümidvar olduğunu dilə gətirib.

Görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ölkədə müsəlmanlara göstərilən diqqət və qayğıdan və dövlətin dəstəyindən dolayı hökümət başçısına minnətdarlığını bildirib. O qeyd edib ki, Gürcüstanda tolerantlıq və dinlər arasında qarşılıqlı xoş münasibət və hörmət mövcuddur. Bu sahədə Gürcüstan demək olar ki, unikallığı ilə seçilir: “Lakin təəssüflər olsun ki, bəzi qüvvələr dinlərarası və hətta məzhəblərarası birliyə xələl gətirməyə cəhd edirlər. Belə təxribatlar müəyyən siyasi maraq və ideoloji məqsədə görə törədilir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir”.

BGMİnin şeyxi həmçinin deyib ki, Gürcüstanda qeyri-ənənəvi dini cərəyanların təbliğatı, dini radikalizm və ekstremizmə meylliyin qarşısı alınmalıdır: “Bunun üçün bölgələrdə yeni məscidlər inşa etdirməklə insanların şəffaf şəkildə ibadət məkanına olan ehtiyavcları təmin olunmalı və İslam dini sağlam tərzdə təlim və təbliğ olunmalıdır”.

BGMİnin Müftisi Hacı Yasin Əliyev isə dövlət və hökümət başçılarının müsəlmanların dini bayramlarında məscidlərə gəlib müsəlmanları təbrik etməsinin gözəl ənənə olduğunu və müsəlmanların bunu yüksək dəyərləndirdiyini söyləyib. İslam dininə göstərilən sayqı və dəstəkdən dolayı hökümət başçısına təşəkkür edib.

Sonda baş nazir bildirib ki, Gürcüstandakı məscidlərin qeydiyyata alınması prosesinin davam etdirilməsi və tarixi dini ibadət yerlərinə xüsusi statusun verilməsi məsələsi hökumətin diqqətindədir.

Read 15 times Last modified on Last modified on Avqust 01 2020