Tuesday, September 22, 2020

MƏNİ TƏVƏLLÜD GÜNÜM MÜNASİBƏTİ İLƏ TƏBRİK EDƏN HƏR BİR DƏYƏRLİ İNSANA TƏŞƏKKÜR EDİRƏM

Written by  Sentyabr 14 2020
Rate this item
(0 votes)
MƏNİ TƏVƏLLÜD GÜNÜM MÜNASİBƏTİ İLƏ TƏBRİK EDƏN HƏR BİR DƏYƏRLİ İNSANA TƏŞƏKKÜR EDİRƏM
Sözümü nadir insanlıq incilərindən olan Həzrət Əlinin (ə) bir kəlamı ilə başlamaq istəyirəm. İmam buyurub: “ÖMRÜNÜN KEÇƏN GÜNLƏRİ KEÇDİ, SABAHI DA MƏLUM DEYİL, BU GÜNÜNÜ YAXŞI ƏMƏLLƏRLƏ QƏNİMƏT BİL!”
Bu gün 40 yaşımı artıq tamamladım. Rahatçılığı, çətinliyi ilə, acılı və şirinli günləri ilə ömrümün 40 payızı artıq arxada qaldı. Təbii ki, bir adəm övladı olaraq ömrümün keçən 480 ayında nə səhvsiz oldum və nə də qüsursuz. Gördüklərim az işlərə qürurlanmadım, əksinə sevinib şükür etsəm də bacarmadıqlarıma və imkanım xaricində olanlara heyfsləndiklərim günlər çox oldu.
“40 yaşında çox şey öyrənib, təcrübə əldə etmək”, “ömrün kamal çağına çatmaq” fikiri doğru imiş.
Öyrəndim ki, hər şeyə əhəmiyyət verməmək, çox da böyütməmək lazım imiş;
İnsanların bağışlamaq, anlamağa çalışmaq və daha güzəştli davranmaq gərək imiş;
Bu ölümlü dünyada diqqətli davranıb kiminsə qəlbini qırmamaq, daha çox könül qazanmağa çalışmaq önəmli imiş;
Allahın fərqli düşünən, müxtəlif zövq və seçimə mənsub bəndələrinə qarşı daha da mehriban, şəfqətli və mərhəmətli olmaq vacib imiş.
Çox özünü müdafiə etməyə enerji sərf etməyib, başqalarının məni düzgün anlamaları üçün səy göstərmədiyim, haqlı tənqidlərdən dərs çıxarıb, təhqir və dedi-qodulara vaxt sərf etmədiyim zamanlar daha dəyərli imiş.
Bir sözlə, ömrün bəlli olmayan sayılı günlərində üzülüb, narahat olmamaq, hər zaman Allaha güvənib, ona arxalanmanın çox faydalı olduğunun daha da fərqinə vardım.
Hər zaman Allahın razılığını əsas tutub çalışmağı, səmimi ağıl və səlim qəlblə doğru və düzgün bildiyin yolda hərəkət etməyin nə qədər qiymətli olduğunu da daha dərindən anladım.
Sonda sizə və özümə duam budur ki:
Bizi yaradan Allah hər birimizə bərəkətli, dəyərli, səmərəli və səadətdolu ömür bəxş etsin. Qalan ömrümüzü Allaha saleh bəndə, vətənə faydalı vətəndaş, insanlığa dəyərli insan kimi yaşamağı nəsib etsin! Amin!
Read 16 times