ƏZİZ PEYĞƏMBƏRİMİZİN (S) VƏ İMAMIMIZIN DÜNYADAN KÖCMƏLƏRİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BAŞSAĞLIĞI VERİRİK
Hz. Məhəmməd Peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları
dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: "Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt". Məhəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.
* * *
Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsən (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin 50-ci ilində Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.