Wednesday, May 27, 2020

ALLAHIN EV SAHİBLİYİ ETDİYİ MƏNƏVİYYAT VƏ BƏRƏKƏTDOLU RƏHMƏT AYI BAŞLAYIR

Mübarək Ramazan ayı daxil olur. Bu bərəkətdolu ay mənəvi qidalanma ayıdır.
Qurani-Kərimin nazil olduğu bu ayda hər kəs şeytani xüsusiyyətlərdən və nəfsani istəklərdən uzaq durmaqla günahlarını əfv etdirib, dualarının qarşılığını, ibadətlərinin mükafatını əldə edə bilərlər.
Bu Allah ayında dua, oruc, namaz və bütün ibadətlərinizin qəbul olunmasını diləyirik.
Allah-tala bu ayın və bu ayda edilən ibadətlərin hörmətinə dünyaya və ölkəmizə sülh, əmin-amanlıq, bol ruzi, sevinc və xöşbəxtlik nəsib etsin.
Uca Yaradan məlum virusun qara buludlarını ölkəmizin və dünyanın üzərindən götürsün. Amin!

HZ MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) RAMAZAN XÜTBƏSİ

Həzrət Əli (ə) buyurur: Mübarək Ramazan ayının gəlişilə bağlı Peyğəmbər (s) bizlərə belə bir xütbə oxudu: «Ey camaat, doğurdan da Allah-taalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadətdir və əməlləriniz qəbul, etdiyiniz dualar müstəcab olur. Elə isə Allah taaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin. Doğurdan da bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya. Bu ayda ac susuz qalmaqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın yoxsullarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrəbanıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın, baxılası halal olmayan şeylərə göz yumun, eşidilməsi haram olan şeylərdən qulaqlarınızı gözləyin. Yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərinizlə mehriban olsunlar. Günahlardan Allaha tərəf qayıdın və əllərinizi dua etmək üçün namaz vaxtı göylərə qaldırın. Çünki namaz vaxtı ən gözəl anlardır. Bu anlarda Allah-taala öz bəndələrinə rəhmət gözüylə baxıb Onu çağırarkən onları cavablayır. Onu səslərkən ləbbeyk deyir və dua edərkən müstəcab edir.

Ay camaat! Doğurdan da canlarınız (ruhunuz) əməllərinizin zaminidir. Allahdan rəhmət (bağışlanma) diləməklə zaminlikdən qurtarın, boynunuzda ağır günah məsuliyyəti var, uzun uzadı səcdələr etməklə günahlarınızı yüngülləşdirin. Bilin ki, Allah-taala and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və qiyamət günü onları Cəhənnəm odu ilə qorxutmayacaq.

Ay camaat! Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş bir möminə iftar verərsə, Allah-taala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb keçmiş günahlarını əfv edər. Səhabələrdən bəzisi dedi: «Ya Rəsuləllah! Axı hamımızın buna imkanı çatmır». Peyğəmbər (s) buyurdu: «Oruc tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü Cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah-taala həmin savabı verər.

Ay camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə sirat körpüsündən asanlıqla ötüb keçər və hər kəs bu ayda öz qul və ya kənizinin işini asan tutarsa, Allah da onun hesab-kitabını qiyamətdə asan edər. Bu ayda öz şərrini camaatdan uzaq edən şəxsdən Allah-taala qiyamət günü öz qəzəbini uzaq edər. Kim bu ayda atasız bir yetimə qayğı göstərərsə, Allah da qiyamət günü onun özünə qayğı göstərib mərhəmət edər. Kim bu ayda öz qohum əqrəbasına yaxşılıq etsə, Allah da qiyamətdə onu öz rəhmətinə qovuşdurar, kim də bu ayda qohum-əqrəbasına yaxşılıq etməzsə, Allah da qiyamətdə onu öz rəhmətindən uzaq edər. Kim bu ayda müstəhəbb bir namaz qılsa, Allah-taala onun Cəhənnəm odundan azadlığına hökm verər. Kim bu ayda vacib bir namaz qılsa, Allah-taala ona başqa aylarda qılınan yetmiş namazın savabını verər. Kim bu ayda mənə çox salavat göndərərsə, əməl tərəzilərinin yüngülləşəcəyi gün Allah-taala onun əməl tərəzisini ağırlaşdırar. Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-taala başqa aylarda bir Quran oxumuş şəxsin savabını verər.

Ay camaat! Həqiqətən bu ayda Cənnət qapıları üzünüzə açılmışdır. Allahdan istəyin ki, onları üzünüzə bağlamasın və Cəhənnəm qapıları üzünüzə bağlanmışdır. Allahdan istəyin ki, onları üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənmişlər. Allahdan istəyin ki, onları sizə hakim etməsin»...
_________________________________________

Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua:

DUANIN OXUNUŞU
Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.

DUANIN TƏRCÜMƏSİ
Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlidir.

İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"


ÖLKƏ RUHANİLƏRİ RAMAZAN AYINDA MƏSCİDLƏRİN FƏALİYYƏTİ HAQQINDA QƏRAR VERİB

Dünən axşam (16.04.2020) Gürcüstan Müsəlmanları İdarəsinin Ali Dini Şurasının nəzdində Gürcüstan Ruhaniləri Heyətinin Ramazan ayının gəlişi münasibəti ilə dünyada yayılan yeni növ koronovirus (COVID-19) infeksiyası olduğu dönəmdə məscidlərdəki ibadət və mənəvi proqramların necəliyi haqda onlayn toplantı keçirilib.
İki saata yaxın videgörüntü halında və müazakirəli şəkildə sürən toplantıda qərara alınmışdır:

Bağışlayın və mehriban Allahın adı ilə
“Öncə qarşıdan gələn Ramazan ayının gəlişi münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edir, bu Allah ayında Oruc, dua və bütün ibadətlərin qəbul olunmasını diləyirik.

Düşünürük ki, hər hansı bir məsələdə humanist İslam dininin insan sağlamlığına dəyər verdiyini, hətta bir çox ibadət hökmlərində insan sağlamlığının zərurətindən dolayı güzəştə getdiyini və eləcə də hər zaman tədbirli olmağa dəvət etdiyi nəzərə alınmlalıdır.

Həmçinin dini məsələlərdə Quran və hədislərin fikirlərindən sonra dini mərcə hesab olunan müctəhid və fəqihlərin də görüşlərinə söykənərək qərar söylənilməlidir.
Məlum olduğu kimi böyük müctəhid və din alimlərimiz günümüzün bəlası olan virusla mübarizə sahəsində dövlət və səhiyyə sahəsinin tələb və tövsiyələrinə əməl etməyi, onun qarşısının alınmasına dəstək verməsini şəri (dini) və əqli baxımdan vacib hesab etmişlər.

Məhz bunlara əsasən Gürcüstanda fəaliyyət göstərən Ruhanilər Heyəti mart ayının 17-dən etibarən heç bir dövlət təzyiq olmadan azad və könüllü şəkildə qərara alaraq məscidlərdə Cümə namazlarının, toplu şəkildə olan dini mərasim və ibadətlərin dayandırılmasını təkidlə tövsiyə etmişdir.

Artıq Ramazan ayına az qalan müddətdə təəsüflər olsun ki, Pandemiya (ümumdünya epidemiyası) halına gələn, ölkəmizdə də böyük həyati təhlükəyə çevirilən bu virusun tam qarşısını almaq mümkün olmamışdır. Buna görə də çarəsizlikdən bu ilki Allah ayında tək və fərdi ibadətlərə üstünlük verib, toplu ibadətlərdən: cammat namazlarından və cəm iftar məclislərindən uzaq durmağı tövsiyə edirik. Eyni zamanda tövsiyə olunur ki, bu il Ramazanın gözəl ənənəsi olan açmaq istədiyimiz iftar süfrələrinin əvəzinə onun dəyəri qarşılığında yoxsul və kimsəsizlərə pul və ya ərzaq alıb verək. Kasıb oruc tutan ailələrin iftar süfrəsinin açılmasına də səbəb olaq.

Bu qərarla biz Gürcüstanın sayca ikinci dininin nümayəndələrindən olan tamhüquqlu müsəlman vətəndaşları düşünürük ki, həm Allahın razılığını qazanmış və həm də belə ağır gündə dövlətimizə dəstək olmaqla insanların sağlamlığı yolunda tədbir almış olarıq.

Uca Allahdan dua və ibadət ayı olan Ramazanda dilək və istəyimiz budur ki, ümumdünya epidemiyası olan bu virusun ölkəmizdən və bütün dünyadan aradan getməsi üçün yardımçı olsun. Allah bütün xəstələrə şəfa və insanlara da bu ağır günlərdə səbr, iradə və həmrəylik nəsib etsin. Amin!”

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və
Gürcüstan Ruhaniləri Heyəti
16.04.2020-ci il


BU VİRUS NƏ EDİR VƏ NƏYİ VƏD EDİR?

Bu gün məlum virus dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, inanc və mənəviyyatımızı, vətəndaşların anlayış göstərmələrini, onların psixoloji durumunu, siyasətçiləri və iqtisadiyyatı sınağa çəkir.

Koronavirus bizi qeyri-mümkün hesab etdiyimiz, qeyri normallıqla üz-üzə qoyur. Biz belə bir şeyin gündəlik həyatımızda baş verəcəyini əsla güman etməzdik. Dünya tamamilə dayanıb, ölkələr bütövlükdə karantin rejimindədir. Əksəriyyətimiz öz mənzilimizə həbs olunaraq qarşıdakı meqa-böhranı özündə ehtiva edən qeyri-müəyyən bir gələcək ilə üz-üzəyik.
Belə ki, yeni virusun dünyamız yeni düzənə keçmək, idarə sisteminin dəyişmək ehtiyacını əsas göstərərək, müəyyən müsbət və ya mənfi hallar gətirəcəyini də Allah bilir.
* * *
Hal hazırda biz insan oğlunun üzərinə düşən: təşvişə düşməmək, gigiyenamıza və tövsiyələrə əməl etməyə davam edib, tez bu vəziyyətdən çıxmaq məsuliyyətidir. Ən başlıcası – ruhdan düşməmək və Allaha təvəkkül etməkdir. Məncə əsas olan da elə budur. Yoxsa bu virusu həyata keçirən dairələrin bunu nə üçün etməli olduqlarını, necə və hansı məqsədlə meydana gətirdiklərinə fikirimizi çox yönəldərək, onun ehtimal olunan fəsadlarından necə qorunmaq barədə düşünməkdən də qafil olmamalıyıq.

Bir də dövlətimiz səhiyyə sistemini gücləndirərək gələcəkdə arzuolunmaz pandemiyaların, COVİD-lərin yarana biləcəyi hallar üçün hazır vəziyyətə gətirməlidir. Belə bir hallarla rastlaşdıqda isə təcrübə olunmuş keyfiyyətli qabaqlayıcı amillərdən və mübarizə üslublarından istifadə olunmalıdır. Yoxsa hər zaman məhdudiyyətlər insanlarla yanaşı ölkə inkişafına da yaxşı nəticə verməz.
* * *
Ümid edirik ki, Allahın köməyi ilə bu gün koronavirusun fəsadları sayəsində bəşəriyyəti məhrum etdiyi dəyərlər çox sürmədən geri bərpa olunar və gələcəkdə də təkrar olunmayacaqdır.

Məlum olduğu kimi, bu gün müsəlmanlar yeni virusun ücbatından mübarək Şaban ayında və yaxında Allahın mübarək ayı Ramazanda birgə ibadətdən və müqəddəs yerləri ziyarətdən məhrum olmaqla inşallah ki, mənəvi boşluqa və imanın zəifləməsinə düşməzlər.

Bir daha insanlar, canlı, real ünsiyyətdən məhrum olaraq Sileyi rəhmlərin (qohumluq əlaqələrinin) kəsilməsinə düçar olmazlar. İşsizliklə, səfər etməməklə və passiv həyat tərzi sürmək və hərəkətsizlikdən doğan yoxsulluq, aclıq, stress, yorğunluq, və digər psixoloji xəstəliklərə tutulmaq riskləri ilə üz-bəüz qalmazlar.

Bir sözlə, yenə də ümid edirik ki, tədris və təhsildən tutmuş bütün alış-verişlər, xidmətlər, toplantı və tədbirlər və s. işlər tamamilə On-line sistemə keçməz. Cəmiyyətimiz real aləmindən bütövlüklə qopub məcazi virtual aləmə keçməzlər. İNŞALLAH!


SAĞ ƏL VERDİYİNİ SOL ƏL BİLMƏSİN, YA BİLSİN?

Son zamanlar bölgəmizdə məlum karantin vəziyyətindən dolayı rayon rəhbərlikləri ilə birgə ehtiyaclı ailələrə müəyyən miqdarda yaxşılıq edən həmvətənlərimizlə rastlaşırıq. Bu vəziyyəti görüncə sevinir, xalqımızla qürur hissi keçiririk. Ara-sıra yardımların sosisal şəbəkələrdə paylaşımlarına görə bəzilərinin mənfi fikirli rəylərinə rastlaşdığım üçün, bu məsələyə öz münasibətimi bildirməyi düşünüb aşağıdakı bir neçə sualı cavablandırmağa çalışdım.

ƏL TUTMAQ AŞKARMI, YOXSA GİZLİNMİ OLMALI?
İslam şəriətində imkanımıza görə mal varlığımızdan bir növ dini vergi hesab olunan “Xums” və “Zəkat” ödəməyimiz vacib olaraq əmr olunub. Dinimizə görə bu vacib əməlin açıq-aşkar olması tövsiyə olunur. İmam Baqir (ə) buyurur: “Vacib zəkatı aşkarda, müstəhəb olan zəkatı isə gizlində təqdim edin”.
Çünki bu vacib zəkatlar hər bir kəsə aid olduğundan, Ramazanda tutulan vacib oruc kimi bu halda riya olma ehtimalı olduqca azdır. Vacib zəkatın belə açıqca verilməsi, “O da zəkatını verməyib”,- deyənlərin töhmətindən qurtarır, eyni zamanda başqalarına da müsbət örnək olur.

Ancaq “Sədəqə” kimi qeyri-vacib ehsan və yaxşılıqların könül işi olmasına görə, gizlində yerinə yetirilməsi tövsiyə olunub. Çünki:

  1. Sədəqə verən riya, minnət, xüdbinlik və s. xoşagəlməz xislət və iddialara malik olmasın,- deyə;
  2. Ətrafdakı insanlar, halından dəqiq agah olmayan kasıbın sədəqəni “elə-belə, ehtiyacsız” olduğu halda aldığını zənn edərək onun haqqında sui-zənnə düşməmələri üçün. Həm də belə halda həmin ehtiyaclı yoxsulu pisləyib, onun qeybəti edilməsin,- deyə;
  3. Hədislərdə, “Verən əl, alan əldən üstündür”- buyurulur. Sədəqə aşkara veriləndə kasıb zillətə düşə, utana, könül qırıqlığı yaşaya bilər. Buna görə də ehtiyaclı insan alçalmasın deyə.

ƏL TUTMAQ NƏ ZAMAN AÇIQ VƏ NƏ ZAMAN GİZLİ OLA BİLƏR?
Dinimizə görə hər bir xeyir iş Sədəqə-Yaxşılıq hesab oluna bilər. Hətta əgər insanların yolunun gediş-gəlişinə maneçilik yaradan bir daşı kənarlaşdırmaq, insanlara bir elm və bilgi vermək də, sədəqə, yəni yaxşılıq hesabındandır.

Həzrət Peyğəmbərimiz (s) fəqir və yoxsullara yardım etmək müəyyən günahların bağışlanmasına və bəlaların uzaq olmasına səbəb olduğunu da bildiribdir.
Ancaq, edilən yaxşılıq mütləq gizlinmi olmalı? Aşkar da ola bilərmi? Sualına gəlincə qeyd edək ki, minnət və xüdbinlik kimi günaha bulaşmadan edilən bütün “əl tutma”lar və yaxşılıqlar istər aşkarda olsun, istərsə də gizlində, özlüyündə pis əməl ola bilməz. Kimsənin də buna bu tərzdə yanaşması yolverilməzdir. Sadəcə, birinin Allah yanında mükafatı digərindən üstün olduğunu bilən bircə Adil Allahdır. Bu məqamda tək insanların razılığı ilə birgə, Allahın razılığı da qazınılmış olunur.

Allah Təala bu haqda buyurur: “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır”. (“Bəqərə” 271).
Bir də unutmayaq ki, dinimizə görə əməllər məqsəd və niyyətlərə bağlıdır. Necə ki, Peyğəmbərimiz (s) “Əməllər niyyətlərə bağlıdır” deyə buyurur. Hər kəsin yaxşı və saleh əməlinin Allah yanında daha da dəyərli edən hansı niyyətlə əməlini icra etməsinə bağlıdır.

Qurani-Kərim bizə buyurur ki, sədəqənin dəyərinə pis məqsəd və əməllə kölgə salmayın. “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264).
Allah özümüzə edilən bütün ehsanları və yaxşılıqları ali dərəcədə qəbul etsin, bu işdə zəhmət çəkənlərdən razı olsun. Özümüzə edilən dedim, çünki Allah özü buyurur: “Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz... (“isra”, 7).

Böyüklərimiz tövsiyə edir ki, yaxşılıq edənlərə gözəl şəkildə əməlini izah edin, xeyir işlərə daha da həvəsləndirin. Çalışaq ki, rişğənd və yersiz qınamaqla əsla xeyir işin qarşısının alınmasına bais olmayaq. Mümkün qədər bu günkü məqamda, dar ayaqda xeyir işləri xəbər kimi paylaşmaqla, cəmiyyətimizdə bir əhval-ruhiyyə yaratmaqla yanaşı, hədiyyə paylaşımlarında qəbul edən yaxınlarımızın şəkilini açıq çəkməkdən özümüzü uzaq tutaq. Ümumi iş prosesindən müəyyən fotokadrlar sadəcə xeyirxahlığın təbliği məqsədilə məqbul sayıla bilər. Bu həm də onların xəcalət çəkməsinə, utanıb-həyacanlanmasına səbəb olmaz. Bu halda bəndəyə də, inşallah ki Allaha da xoş gələr.

Sonda onu da qeyd edim ki, bəzi hallarda məqsədli şəkildə sədəqəni ictimaiyyətə aşkar edib onu sərt tənqid edənlər sırasında imkanlı simiclər də az olmur. Şübhəsiz Allah hər kəsin niyyətinə görə əməlinin qarşılığını verəcəkdir. Quran-Kərimdə oxuduğumuz kimi: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də qarşılığını alacaqdır” (“Zəlzələ, 7-8)

Ramin İgidov


9 APREL FACİƏSİNİ QÜRUR VƏ KƏDƏRLƏ ANIRIQ

Bu gün 9 aprel faciəsinin artıq 31-ci ildönümüdür.
1989-cu il aprelin 9-da Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gecə saat 04:00-da Gürcüstan parlamenti qarşısında aksiya iştirakçılarına güc tətbiq edilib, zəhərli qazdan və güllələrdən istifadə edilib. Nəticədə 16 nəfər həlak olub, sonradan daha 5 nəfər yaralı vəfat edib. Hadisə zamanı ümumilikdə 21 nəfər faciə qurbanı olub, onlarla insan yaralanıb. Həlak olanların içərisində hamilə qadınlar və yuxarı sinif şagirdləri də var.

Faciədən 2 il keçəndən sonra 1991-ci il martın 31-də keçirilən referendum əsasında dövlətimiz müstəqilliyini elan edib.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan bir çox sahədə eyni taleyi yaşayan qonşu və dost ölkələrdir. 9 aprel acısının bənzərini 20 Yanvar faciəsində azərbaycanlılar da yaşayıb. Bizim üçün bu faciələr böyük dərddir, həm də qəhrəmanlıq dərsidir.

Ölkə vətəndaşları bu günləri unutmamalıdırlar nə də unudulmağa və unutdurulmağa izn verməməlidirlər.
Allah müstəqilliyimizi əbədi və hər iki qardaş dövlətin ərazi bütövlüyünü bərqərar etsin. Amin!


12-Cİ İMAM HƏZRƏT MEHDİNİN (ƏC) TƏVƏLLÜDÜ GÜNÜDÜR

Sabah hicri-qəməri tarixi ilə müqəddəs Şaban ayının 15-i, müsəlmanların 12-ci imamı Həzrət Məhəmməd ibn Həsən əl-Məhdinin (ə) mövludu günüdür.

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəblərindəndir.
Peyğəmbərdən (s) nəql edilmiş hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o, dünyanın sonuna bir gün qalsa belə, zühur edərək, yer üzündə ədaləti bərpa edəcək.

Bir çox hədislərdə qeyd edilir ki, müsəlmanlar bunun üçün, birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidirlər.
Bəzi hədislərdə isə özlərini islah etmiş möminlərin 12-ci imamı gözləmələrinin ibadət kimi qəbul edildiyi bildirilir.
Məkkədə yaşayan Qüreyş tayfasından və Peyğəmbərin (s) nəslindən olan, bir şəxsin yer üzündə ədaləti bərpa edəcəyi heç bir müsəlman məzhəbi tərəfindən təkzib edilməyib.

Dünyanın bir çox ölkələrində olduğu kimi, hər il ölkəmizdə də məscidlərdə, böyük tədbir zallarında, və dini ocaqlarda İmamın doğum günü ilə bağlı mərasimlər keçirilib. Ancaq təəssüflə bu il hamımıza məlum səbəbdən əsrimizin imamının mübarək təvəllüdü tədbir və mərasimlər şəkilində qeyd olunmur.

Allah bizi Həzrətin (ə.c) həqiqi yolunu gözləyənlərdən və layiqli ardıcıllarından qərar versin. O Həzrətin zühurunu tezləşdirməklə dünyada sülh və ədalətlə bərqərar etsin. Amin!


KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜBARƏK!

Şaban ayının 3-cü günü (28 mart) – Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Kərbəla şəhidi, Cənnət cavanlarının sərvəri Həzrət Hüseynin (ə) mövlud günüdür.
* * *
Şaban ayının 4-cü günü (29 mart) – Həzrət İmam Əlinin (ə) şücaətli öğlu, Peyğəmbər ailəsinin fədakarı və Kərbəla qəhrəmanı Həzrət Əbəlfəzl-Abbasın mübarək doğum günüdür.
* * *
Şaban ayının 5-ci günü (30 mart) – Müsəlmanların 3-cü imamı, ibadət edənlərin zinəti kimi tanınan və Kərbəla qiyamının carçısı Hz. İmam Zeynəlabidinin (ə) mübarək təvəllüd günüdür.
Hər üç Kərbəla qəhrəmanının təvəllüdləri münasibəti ilə təbrik edir, bu dünyada ziyarətlərini və axirətdə isə şəfaətlərini diləyirik.


DUA ETMƏYİ UNUTMAYAQ,
ONA HƏR ZAMAN ÇOX EHTİYACIMIZ VAR.

Allah-Taala:
“De: duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!” (Furqan, 77)

Peyğəmbərimiz Həzrət Məhəmməd (s):
“Ən üstün ibadət duadır. Allah-taala bəndəyə dua izni (və uğuru) verəndə rəhmət qapısını onun üzünə açar...”

İmamımız Həzrət Əli (ə):
“Dua rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan) çıraqdır.


MARNELİ VƏ BOLNİSİDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZƏ MÜRACİƏT:

Hörmətli Marneuli və Bolnisidə yaşayan həmvətənlərimiz, bilidiyiniz kimi bu günlər dünyada sürətlə yayılmaqda olan Koronavirus infeksiyası ölkəmizdən də yan keçməyib.

Təssüflə ölkəmizdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın geniş yayılmasının qarşısını almaq mümkün olmayıb. Hətta artıq virusun çox yayılma ehtimalı azərbaycanlı həmvətənlilərimizin sıx yaşadığı Marneuli və Bolnisi rayonlarının karantinə alınması (təcrid olunması) ilə nəticələnməyə səbəb olmuşdur.

Şübhəsiz ümid edirik ki, Allahın yardımı və dövlətimizin tədbirləri nəticəsində bu çətin günlər arxada qalacaq, insanlar yaxın günlərdə normal həyat tərzinə dönəcəklər. Bunun üçün bölgələrdə yaşayan soydaş və həmvətənlərimizdən xahiş edirik ki, təşvişə düşmədən tam məsuliyyətli davranıb virusun yayılma ehtimalı olunan daha riskli dönəmdə dövlətin müvafiq qurumlarının tapşırıqlarına, tibbi tövsiyə və tələblərə birgə ciddiyyətlə əməl edək:

  1. Xahiş olunur bu günlərdə vaxtımızı evimizdə keçirib, zərurət olmadan (yaxınlarımızı ziyarətə belə) get-gəlləri, səfərləri dayandıraq.
  2. Zəruri halda çölə çıxarkən (əldə etdiyimiz təqdirdə) tibbi maska və əlcəklərdən istifadə edək;
  3. Gigyenik qaydalara və təmizliyə riayət edək. Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərimizi yuyaq;
  4. Soyuqdəymə və ya qripəbənzər simptomlarımız olduqda mütləq yaxın səhiyyə mərkəzlərinə müraciət edək;
  5. Yaxınlarımızın şadlıq və yas məclisləri keçirməsinin qarşısını alaq və toplu yerlərdən, qonaqlıq məclislərindən belə uzaq duraq;
  6. Heç kimlə yaxın təmasda olmayaq, əl tutub görüşmələrdən, qucalaşmalardan çəkinək.

Ümidvarıq bu tövsiyələrə əməl etməklə, həm özünüzü və yaxınlarınızı məlum virusdan qorumuş olacaqsız və eyni zamanda da dövlətimizə və bu sahədə gecə-gündüz fədakarcasına zəhmət çəkən həkimlərimizə dəstəyinizi əsirgəməyəcəksiniz.

Uca Allahdan dua edərək, istəyimiz budur ki, ümumdünya epidemiyası olaraq qəbul olunan bu virusun ölkəmizdən və bütün dünyadan aradan getməsi üçün yardımçı olsun. Allah bütün xəstələrə şəfa və insanlara da bu ağır günlərdə səbr, iradə və həmrəylik nəsib etsin. Amin!


BU GÜN HZ. MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYƏ SEÇİLDİYİ GÜN – MƏBƏS BAYRAMI GÜNÜDÜR!

Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-sinə təsadüf edir. Bu gün İslam tarixində İslam Peyğəmbəri Həzrət Məhəmməd ibni Abdullaha (s) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür. Bu gün müqəddəs "Məbəs" və ya “Besət” günü kimi tanınaraq İslam aləmində əlamətdar bayram kimi qeyd olunur. Çünki bu gün bəşəriyyətin həyatında ən əsaslı və əhəmiyyətli dönüş baş verən gündür.
* * *
«Allah Təala məni üstün əxlaqları tamamlamaq üçün göndərib»,- deyə əziz Peyğəmbərimiz (s) öz mübarək missiyasını bizlərə belə çatdırır. Böyük İslam Peyğəmbəri (s) insanları xülyalar ardınca deyil, öz kamillik hədəfinə doğru getməyə dəvət edib və bu işdə Uca Yaradanın göstərdiyi mübarək yola sadiqlik nümayiş etdirməyə çağırıb: «Ey Allahın bəndələri! Sizlər xəstə, bütün aləmlərin Yaradanı isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdir. Buna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun». Mübarək dinimiz əxlaq mövzusunu daim insanın yadına salır və bu məsələdə dəqiq, ardıcıl, ixlaslı yanaşmanı tövsiyə edir. Məsumlardan (ə) nəql edirlər: «Allah-Təala öz Peyğəmbərini (s) ali əxlaqla səciyyələndirib. Siz də özünüzü bu əxlaq normaları ilə sınayın və əgər malik olsanız, Allaha şükr edin və onların çoxalmasına çalışın».
* * *
Allahın son Elçisi (s) öz ümmətinın daim düzgün yolda olmasını istəmiş, yoldan sapmamaq üçün dəqiq və mübarək reseptlər təqdim edib. Burada ən ümumi, eyni zamanda dərin əxlaqi göstərişlər var: «İnsanın ən e’tibarlı işi 3 xüsusiyyətə malik olan iş olur: 1. Bütün hallarda Allahı yaddan çıxarmamaq; 2. İnsaflı olmaq (özünün zərərinə olmuş olsa belə); 3. Din qardaşı ilə öz malını bölmək». Burada pis aqibət seçənləri hər zaman çəkindirmək var: «İnsanların ən pisi axirətini dünyasına satandır. Bundan da pisi axirətini başqasının dünyasına satandır».

Bu böyük bayramımız mübarək olsun! Allah-taala cəmi ümmətə besət fəlsəfəsini dərk edib, bu bayramı qəlbilə, əməllərilə, düşüncə və niyyətləri ilə yaşatmağı nəsib etsin, inşəAllah!


2 -dən səhifə 27