Thursday, June 4, 2020

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri Tbilisi və Batumidə koronovirs təhlükəsinin hökm sürdüyü müddətdə məscidlərdə toplu ibadin olub olmaması ilə bağlı dini Şura üzvləri ilə birgə toplantı keçirib. Keçirilən toplantılar əsasında ruhanilərin fikirini nəzərə alaraq 19 mart 2020-ci ildə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri yekun bəyanat verir: 1. Dünyada və həmçinin Gürcüstanda korona virusun yayılma təhlükəsi ciddidir, həmçinin dünyanın əksər müsəlman ölkələrində məscidlərdə Cümə və namazların camaat şəkildə qılınması dayandırılıb, mövcud durumu nəzərə alaraq qərar qəbul edirik ki, müvəqqəti olaraq məscidlərdə cümə və beş vaxt namazların camaat şəklində qılınması dayandırılsın. İslam dininə görə Cümə namazları məscidlərdə camaat şəkildə qılınmalıdır və o şəxslərə fərz olur ki, müəyyən şərtlərə cavab verirlər. Bunların içərisində şəxsin azad olması da mövcuddur. Məsələn: Məhbus və ya mövcud durumda karantində və ya fərdi təcriddə olan şəxslərə cümə namazında iştirak etmək vacib olmur. Həmçinin şəxsin mülkiyyətinə, həyatına və sağlamlığına təhlükə də yaradan məqam olmamalıdır. Bu günlər məlum virusun yayılması insanın sağlamlığını və həyatını ciddi təhlükə qarşısında qoyduğundan yuxarıda qeyd olunmuş namazların camaat şəkildə qılınması öhdəliyi müvəqqəti olaraq dayanmaq məcburiyyətində qalır. Bu durumda Cümə namazının əvəzinə hər kəs öz evində günorta namzını yerinə yetirməlidirlər. 2. Məscidlərdə Azan çəkiləcək və möminlərin ayrı ayrılıqda vaxt namazlarını qılması üçün açıq olacaq. Gürcüstanda yaşayan Müsəlman vətəndaşları təşvişə düşməməyə çağırırıq. Mövcud durumda panikaya düşmədən Səhiyyə orqanlarının tövsiyyələrini tam şəkildə icra etmək və uca Allaha təvəkkül etmək lazımdır. Bu çətin vəziyyətdən qurtulmaq və hər bir xəstənin sağalması üçün dualarımızı da əsirgəməyək. Karantində və fərdi izolyasiyada olanlara da dözümlülük və səbr diləyirik. Uca Allahdan dua edərək istəyirik ki, bütün dünyanı və ölkəmizi bu pandemiyadan və buna bənzər təhlükə və fəlakətlərdən qorusun. Amin! Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri Şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftisi Haci Yasin Aliyev, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adem Şantadze


DİN ALİMLƏRİ VİRUSLA BAĞLI TƏLƏB VƏ TÖVSİYƏLƏRƏ ƏMƏL ETMƏYİ VACİB HESAB EDİRLƏR

Müctəhid və din alimlərimiz günümüzün bəlası olan virusla mübarizə sahəsində dövlət və həkimlərin tələb və tövsiyələrinə əməl etməyi şəri (dini) və əqli baxımdan vacib hesab edirlər;

Hər kəsin imkanı həddində onun qarşısının alınmasına dəstək verməsinə çağırır və hətta ehtiyaclı mütəxəssislərin çalışmasını da dini vacib (vacibi kifai) hesab edirlər;

Təqlid mərcələri bu günlər təmizliyə daha ciddi riayət etməyi, ümumi yerlərdə az iştirak etməyi və zəruri olmadığı halda evdən çıxmamağı da tövsiyə edirlər;

Təşviş və stresə qapılmadan tədbirli olub qarşısını almaq yolunda əməkdaşlıqla yanaşı dünyanın bu bəladan xilası üçün də dua və tövbə etməyi unutmamağı təkidlə tapşırırlar.


GÜRCÜSTAN RUHANİLƏRİ HEYƏTİ MÜVƏQQƏTİ OLARAQ CÜMƏ NAMAZI QILINMAMASINI TƏKİDLƏ TÖVSİYƏ EDİR

"Gürcüstan Müsəlmanları İdarəsi"nin şeyxi Hacı Ramin İgidovla bir qurup ruhanilərin iştirak etdiyi - Dini Elmi Heyət üzvləri məlum Koronovirusun toplu məkanlarda insandan-insana sürətlə yayıldığından Cümə namazları haqda qərara gəliblər.

Çox qısa bir müddətdə bir Pandemiya (ümumdünya epidemiyası) halına gələn, ölkəmizdə də böyük həyati təhlükəyə çevirilən bu virusun qarşısını almaq üçün çoxsaylı inanclıların iştirakı ilə böyük məscidlərdə cəm şəkildə olan dini mərasimlərin və Cümə namazlarının müvəqqəti dayandırılmasını təkidlə tövsiyə edirlər.

Ölkəmizdə can sağlığına təhlükə yaradan virusla mübarizə aparmaq üçün hər kəsin səfərbər olaraq bir arada mübarizə aparmasını olduqca vacib hesab edirlər.

Bu müddət ərzində açıq olan məscidlərdə ibadətə gələn inanclılardan da xahiş edirlər ki, məscidə gələrkən özləri ilə şəxsi möhür və təsbehlər (hətta, imkan daxilində kiçik canamazlar) gətirərək onlardan istifadə etsinlər.

Eyni zamanda məscid və ibadət yerlərində mütamadi dezinfeksiya işləri aparmağı da diqqətdən kənarda saxlamasınlar!


KORONAVİRUS PANDEMİYASININ TƏHLÜKƏSİNİ CİDDİ QƏBUL EDİB ONDAN QORUNAQ VƏ MÜBARİZƏ APARARAQ DÜNYANIN XİLASI ÜÇÜN DUA EDƏK

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda ölkəmizdə və bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb. Artıq Pandemiya (ümumdünya epidemiyası) olaraq qəbul olunan bu virusun yoluxma riskini azaltmaq, ondan qorunmaq və qarşısını almaq üçün tibbi tapşırıqlara əməl etmək və başqalarına da bildirmək lazımdır.
Bu haqda bir neçə sualın cavabını təqdim edirik:

ÖZÜMÜ YOLUXMA RİSKİNDƏN NECƏ QORUYA BİLƏRƏM?
İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı dörd ehtiyat tədbirindən yararlana bilərsiniz:

  1. Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun
    2. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın
    3. Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçın. Ümumiyyətlə mümkün qədər toplu yerlərdə uzaq durun.
    4. Hərarətiniz və ya öskürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə, həkimə müraciət edin
    5. Şəxsi əşyalardan istifadə edin, ümumi əşyalardan istifadə etməkdən çəkinin, istifadə edərkən də əlinizi üz, göz, burun və ağızınıza toxundurmayın. Mütləq yuyun.

TİBBİ MASKADAN İSTİFADƏ ETMƏLİYƏMMİ?
Tibbi maskadan istifadə respirator simptomlarınız (öskürək və ya asqırıq) olarsa, digərlərini qorumaq üçün tövsiyə olunur. Əgər sizin hər hansı simptomlarınız yoxdursa, maskadan istifadə etməyə ehtiyac yoxdur.
Əgər maskadan istifadə edirsinizsə, onun effektivliyinin təmin edilməsi və virusun ötürülmə riskinin artmasının qarşısını almaq məqsədilə həmin maskalar düzgün qaydada geyinilməli və tullanılmalıdır.

ƏGƏR AİLƏ ÜZVÜNDƏ SİMPTOMLAR MÜŞAHİDƏ OLUNARSA, NƏ ETMƏLİYƏM?
Əgər sizdə və ya uşağınızda hərarət, öskürək və ya tənəffüs çatışmazlığı müşahidə edilərsə, tibbi yardım üçün erkən vaxtlarda müraciət etmək lazımdır. Əgər COVİD-19 xəstəliyinin qeydə alındığı ərazilərdə səyahətdə olmusunuzsa, və ya həmin ərazilərdən gəlmiş və respirator simptomlara malik insanla yaxın təmasda olmusunuzsa, həkiminizə əvvəlcədən zəng edib onu məlumatlandırın.

ƏLLƏRİ DÜZGÜN YUMAĞIN ƏN YAXŞI ÜSULU HANSIDIR?
1-ci addım: Axar su altında əllərinizi isladın
2-ci addım: Yaş əllərinizi kifayət qədər sabunlayaraq onları tamamilə sabun köpüyü ilə örtün.
3-cü addım: Ən azı 20 saniyə ərzində əllərinizin bütün səthlərini , o cümlədən üstünü, barmaqlarınızın aralarını və dırnaqlarınızın altını sürtün.
4-cü addım: Əllərinizi axar su altında yaxşıca yaxalayın.
5-ci addım: Əllərinizi təmiz parça və ya birdəfəlik istifadə edilən dəsmallarla qurulayın
Əllərinizi tez-tez, xüsusilə də yemək yemədən öncə, burnunuzu sildikdən, öskürdükdən, asqırdıqdan və ya vanna otağına getdikdən sonra yuyun.
Əgər əl altınızda sabun və yaxud da su yoxdursa, tərkibində ən azı 60% spirt olan antiseptik geldən istifadə edin. Əgər əlləriniz əyani olaraq çirkli görsənərsə, onları daim su və sabunla yuyun.



KORONOVİRUS İNSANLARA NƏLƏRİ XATIRLADIR?
(Oxuyaq, düşünək, paylaşaq!)

  1. TƏDBİRLİ VƏ EHTİYATLI OLMANIN ƏHƏMİYYƏTİNİ;
    Öz kitabında “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin” deyə buyuran Allahımız “Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.” deyə tövsiyə edir.
    * * *
    2. TƏMİZLİYİN NƏ QƏDƏR ÖNƏMLİ OLDUĞUNU;
    Dinimizdə bədənin, paltarın və ətraf mühitin təmizliyi imandan hesab olunmuşdur. İslam Peyğəmbəri (s) buyurur: “Həqiqətən təmizlik imandandır.”
    * * *
    3. CAN SAĞLIĞININ NƏ DƏRƏCƏDƏ DƏYƏRLİ OLDUĞUNU;
    Peyğəmbərimiz (s) canımızın Allahın əmanəti olduğunu bildirib. Bu əmanətini qorumaq üçün can sağlamlığına diqqət etmək vacib hesab olunur. Ona qıymaq əmanətə xəyanətlə birgə yaradan Allaha qarşı da haqsızlıqdır.
    * * *
    4. İNSANIN NƏ QƏDƏR ACİZ VƏ ZƏİF OLDUĞUNU;
    İnsanın nə dünyaya gəlişi öz əlindədir və nə dünyadan getməsi, Allahın izni olmadan o eşitmə, danışma, yemə, içmə, duyma və s. bacarığa belə sahib ola bilməz. Bir sözlə yaradan güc verməsə heç olar. Çünki o çox zəif və acizdir.
    * * *
    5. DÜNYANIN HANSI HƏDDƏ FANİ OLDUĞUNU;
    Allah dünyanın fani olduğunu, əsas olmadığını bildirir: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam, 32)
    * * *
    6. ÖLÜMÜN NƏ QƏDƏR YAXIN OLDUĞUNU;
    İnsan oğlu dərindən diqqət etdikdə görür ki doğrudan da vaxtı belə məlum olmayan ömür olduqca qısadır. “Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqdır!”. (Ənkəbut, 57)
    Hz. Əli (ə) isə ən yaxın və qısa olan nədir? sualına: "Qiyamət yaxındır, ölüm ondan daha yaxındır." deyə cavab verib.
    * * *
    7. ƏN ÖNƏMLİSİ ALLAHIN ƏZƏMƏTİNİ VƏ BÖYÜKLÜYÜNÜ
    Allahın bu möhtəşəm kainatı, bütün gözəlliklərini və ondakı nizamı yaradıb, yaşatdığını düşünsək Quranda “Əhsənul-xaliqin” (yaradanların ən gözəli) və “Ərhəmər-rahimin” (rəhmlilərin ən mərhəmətlisi) kimi sözləri dərindən anlamış olarıq.
    İ. Ramin

KASPİDƏ HƏZRƏT İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Bu gün, Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Hz. İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə Kaspi munisipalitetinin Çixiciri kəndində mərasim təşkil olunub.
Mərasimdə şəhərin din, elm, ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı Kərbəlayi Pərviz Abdullayev, Hacı Əli Nəqiyevin Quran tilavətindən sonra çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O mərasim iştirakçılarını salamlayıb bayramlar münasibəti ilə təbrik etdikdən sonra danışan və eyni zamanda yaşayan canlı Quran olan Hz. Əlinin (ə) fəzilət və üstün şəxsiyyəti haqda danışıb. Birinci imamın həyatından tarixi sitatlar gətirərək əsl müsəlmanın O Həzrətin yaşayışını örnək alaraq yaşadığı təqdirdə düzgün islamı yaşamış olacağından danışıb.
Sonra çıxış üçün kürsüyə Gürcüstan Ruhanilər Heyətinin üzvü Kərbəlayi Fidovsi Qasımov və Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare və başqaları dəvət olunub.
Çıxış edən din alimləri Quran və mötəbər hədislərə əsaslanaraq İslam dünyasının nüfuzlu rəhbəri və alimi Hz. İmam Əlinin yüksək insani keyfiyyətləri, misilsiz örnək xüsusiyyətləri haqda mərasim iştirakçılarına geniş məlumat veriblər.
Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir, mədhiyyə və ilahilərlə davam edib. Sonda İmam Əli (ə) haqda sual-cavab yarışı olunub. Qaliblər mükafatlandırılıb.
Bayram süfrəsi ətrafında keçirilən mərasim dua oxunmaqla sona çatıb


MÜSƏLMANLARA QARŞI ZÜLMLƏRLƏ BİRGƏ DÜNYANIN SƏSSİZLİYİNİ DƏ QINAYIRIQ

Hindistanın paytaxtında ekstremist hinduların son günlər davam edən müsəlmanlara qarşı kəskin hücumlarında azı 50 müsəlman ölüb, 400 nəfərdən çox insan da yaralanıbdır.
Yeni Dehlinin ən böyük və ən mühüm 10 yaxın məscidləri və yüzlərlə cilddə Qurani-Kərim yandırılıb. Müsəlmanlara məxsus 300-dən çox ev və 300-ə yaxın dükan yandırılıb.
Yayılan videolarda göstərir ki, müsəlmanların çoxu hindular tərəfindən vəhşicəsinə ağac, dəmir və daşla yaxınların gözü önündə və Hindistanın polsinin səssizliyi sayəsində döyülərək öldürülüb. Ekstremist radikal hindular hətta müsəlman qadınlara belə rəhm etməyərək, onları diri-diri basdrıblar. Bu hərəkət Hindistanda və dünyada müsəlmanların hiddətinə səbəb olubdur.
LÜTFƏN ONLARI DA DUALARIMIZDA UNUTMAYAQ!


BUGÜN İMAM MƏHƏMMƏD TƏQİ (Ə) MÜBARƏK TƏVƏLLÜDÜ GÜNÜDÜR

Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. Hz. Imam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmışdır.

İMAM CAVADIN (Ə) ELMİ MİRASI
Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur.

İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik.

Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər.



RƏCƏB AYINDA DÜNYAMIZ ÜÇÜN DUAMIZ

Ey rəhməti qəzəbindən böyük olan mərhəmət sahibi. Ey insanları iqrinə, rənginə və millətinə görə deyil, təqvasına, saleh insanlığına görə üstün tutan ədalətli Allahım.

İlahi, dövlətimizi və müsəlman ölkələrini hegemon dövlətlərin çirkin oyunlarından amanda saxla! Onların qonşunu qonşuya düşmən edən, qardaş qırğınına səbəb olan aravurucu, dağıdıcı mənfur hiylələrindən qoru! İlahi!

İlahi, bizi məlum İslam düşmənlərinin tərifləyəcəyi, onlara xidmət olunduğna görə dəstəkləyəcəyi gündən, mövqeydən qoru! İlahi!

İlahi, İşğala məruz qalan ölkəmizin torpaqlarının və həm də yağı düşmən tapdağı altında olan müsəlman dövlətlərinin torpaqlarının ərazi bütövlüyünü nəsib et. Öz yürd yuvasından didərgin düşmüş insanları yadlara və hətta qonşularına belə möhtac olmaqdan qoru! İlahi!

İlahi, Sənin kitabında birliyə, həmrəyliyə dəvətinin əksinə olaraq, müsəlman ölkələrini parçalayıb, gücdən salıb, öz düşmənlərinin qarşısında aciz hala gətirən satqın öndərlərin, başçıların şərrindən qoru! İlahi!

İlahi, Quran və sünnəni bilərəkdən və ya səhvən yanlış anlayan, ümmətin vəhdət və düzənini pozaraq düşmənin çirkin məqsədlərinə alət edən, özlərini əsl müsəlman kimi qələmə verən cahil nadanlara bəsirət, düzgün baxışlı düşüncə əta eylə! İlahi!

İlahi, millət və məzhəbindən aslı olmayaraq saf niyyətlə savşlarda canlarından keçən fədakar gənclərin təqsiratından keçib onları şəhidlik rütbəsinə yüksəlt. Ailələrinə səbr inayət eylə! İlahi!

Duamızı qəbul eylə İlahi, anaların yanıqlı göz yaşlarına, yetimlərin ürəkağrıdan ah-naləsinə, çarəsiz məzlumların harayı hörmətinə, İlahi!

İlahi SEV bizi, SEVdir bizi, SEVindir bizi! AMİN!

Ramin İgidov


AY KORONOVİRUSU DƏRD EDƏN XƏSTƏ DÜNYAMIZ!

Hamıya məlum olduğu kimi bu il yeni ilimiz Koronovirusla başladı. Hər yerdə təşviş, hər yerdə həyəcan və hər yerdə qorxu. Gəlin məsələyə bir az da başqa yöndən baxaq.
Görəsən, Koronovirusu böyük dərd edən dünya ölkələri bunları nə zaman dərd edəcək? Yoxsa xəbərsizdirmi?
* * *
Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.
Nədən əhəmiyyət verilmir? Çünki iqtisadi səmərəsi 1 trilyon dollardan çoxdur. Ona görə?
* * *
Spirtli içkilərdən istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur. Hər il milyonlarla insan onun törətdiyi fəsadlar ücbatından həyatını itirir.
Nədən həyəcan siqnalı çalınmır? Çünki iqtisadi qazancı milyardlarladır. Ona görə?
* * *
Hər il Narkotik maddələr və qeyri-məşru cinsi əlaqələr üzündən milyonlarla gənclərin həyatı dağılır, həyatlar zülmətə çevrilir və insanlar gənc yaşlarındaca məhv olub aradan gedirlər. Bir halda ki, belə hallar çox ölkələrdə heç cinayət belə hesab olunmur? Əksinə xüsusi şərait belə yaradılır.
Nədən laqeyd yanaşılır? Çünki bu şeytan əməllərinin də ekonomik faydası insan həyatından qat-qat dəyərlidir. Ona görə?
* * *
Hər il yarım milyondan çox insan müharibələrdə ölür. BMTnin hesabatına görə son 25 il ərzində müharibələrdə 12.5 milyon müsəlman həyatını itirib. Onlardan 3 milyondan çoxunu uşaqlar təşkil edib.
Nədən biganəlik var? Çünki 3-də biri müharibə şəraitində olan ölkələrin demək olar ki, hamısı müsəlman ölkələrinin acı qismətinə düşür. Silah ticarəti parta-part gedir, həm də ölənlərin irqinə, dininə və millətinə baxır bu dünya. Ona görə?
* * *
Dünyada hər gün aclıqdan 25 min adam ölməkdədir. Yer üzündə hər 5-10 saniyə içərisində bir uşaq aclıqdan həyatını itirir. Yaşadığmız kürədə 821 milyon insan acdır. 2 milyard insan yoxsulluq və 753 milyon insan isə həddsiz fəqirlik şəraitində həyatda qalmağa çalışır.
Nədən tədbir alınmır? Çünki ən üstün varlıq olaraq yaradılan insan, ən alçaq məxluq və ən vəhşi heyvandan da dəhşətli hala gəlib yırtıcı eqoizmə yoluxub tək özünü düşünür, öz kapitalını, bank hesabını qaldırmağa çalışır. Ona görə?
* * *
Dünyada yurd yuvasından didərgin düşən insanların sayı 21.5 milyondur. Hər il minlərlə uşaq, qoca və qadın dəniz və çay sahillərindən keçərkən ölümə tərk edilir. Yurd yuvasından didərginlər yollarda soyuqdan, qidasızlıqdan və müxtəlif məhrumiyyətlər ücbatından ölümə yuvarlanırlar.

Nədən çarə tapılmır? Bir halda ki, humanizmdən dəm vurub, heyvanların belə qayğısına qalan iddiaçı dövlətlər və beynəlxalq təşkilatlar olduğu halda nədən tüklərini belə tərpətmirlər.
* * *
Görəsən bunlardan qorunmaq və həyacan siqnalı çalıb bəşəri vicdanları titrətməklə dünya ölkələrinin səfərbər olması üçün bu öldürücü amillərin də adı KORONOVİRUSmu qoyulmalıdır?

MƏNCƏ ÇARƏ, DÜŞÜNÜB ANLAMAQDA, İSLAH ETMƏKDƏ, DÜZƏLMƏKDƏDİR, BİR DƏ DUADA. ALLAH ÖZÜ NƏZƏR ETSİN, QƏZƏB YOX!

Ramin İgidov


3 -dən səhifə 27