Thursday, June 4, 2020


DİNİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT AGENTLİYİ 2018-2019-CU İLLƏR ÜZRƏ HESABAT VƏ "İNAM AZADLIQ AKTIDIR" ALBOMUNUN TƏQDİMATINI KEÇİRİB

Bu gün Tbilisidə yerləşən Biltmore mehmanxanasında Dini Məsələlər üzrə Dövlət Agentliyini ötən 2018-2019 illərdə görülən işlər barədə hesabat verib və dövlətin dini siyasətinin strategiyasını və hədəflərini ictimaiyyətə təqdim edib.

Tədbirdə Dini İcma rəhbərləri, Gürcüstanın hökumət və beynəlxalq təşkilatların rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak edib.

Öncə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze hesabat təqdim edib, ölkədə dini icmaların vəziyyəti və dövlət tərəfindən olnlara veriləd dəsətək barədə ətraflı məlumat verib. O çıxışı zamanı Agentliyin beynəlxalq əlaqələr baxımından fəaliyyətinə toxunaraq ötən illərdə görülən işlər, yeniliklər, qarşıda duran problemlər, işğal olunmuş torpaqlarda dinin və dini məkanların acınacaqlı vəziyyəti və gələcəkdə nəzərdə tutulan proqramlar haqda ətraflı məlumat verib.

Sonra bir sıra dövlət rəsmiləri çıxış ediblər. Onlar dövlətin dini sahədədəki məqsəd və dəstəyini yüksək qiymətlənirib, Dövlətin dini qurumunun hesabat ilində gördüyü işləri qənaətbəxş hesab ediblər.


TBİLİSİDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ “UŞAQLAR ÖLMƏSİN, ÖLMƏSİN İNSANLIQ!” ADI ALTINDA TƏDBİR KEÇİRİLİB

Bu gün Tbilisidə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “İnsanlar ölməsin, Ölməsin insanlıq!” adı altında anım tədbiri keçirilib.

Gürcüstan Müsəlman Qadınlar İcmasının (GMQİ) təşkil etdiyi tədbirdə öncə soyqırım qurbanlarının və haqq uğrunda şəhid olanların ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub.
Sonra tədbirin aparıcısı Əsmaya Əbilova tədbirin məqsəd və qayəsini qeyd edib. O bildirib ki, “Xocalıda baş verən dəhşətli soyqırımla bərabər yaşadığımız əsrdə Yaxın Şərqdə və bir çox müsəlman ölkələrində günümüzə qədər səngimək bilməyən günahsız uşaq ölmlərini də unutmamaq lazımdır”.

Sonra Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat üçün sözü İcmanın sədri Gülşə Nemətovaya verib. O sözlərində qeyd edib ki, düz 28 il bundan öncə 1992-ci il fevralın 25-dən 26-na keçən soyuq bir qış gecəsində əsrin faciəsi yaşandı. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi, düşmən rəhm diləyən qocaya xəstəyə, qadına aman vermədi. Uşaqlar amansız qəddarlıqla valideyinlərinin gözü qarşısında qətlə yetirildilər. Həmin zaman 63 günahsız uşaq həlak edildi, 76 uşaq müxtəlif xəsarətlərlər alaraq yaralandı. 130 uşaq valideyinlərindən birini, 25 uşaq hər iki valideyinini itirdi, 26 uşağın isə taleyi hələ də məlum deyil.

Sonra GMQİnin üzvləri olan din müəllimələri Elnarə Cəfərli, Lalə İbarahimova, Günay Quliyeva çıxış edərək Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən dünyada uşaq qırğınları və onlara qarşı edilən zülm və zorakılıqlar, İslamda və Beynəlxalq Konvensiyalarda uşaq haqları və qanunlar haqqında geniş məlumat veriblər.

Çıxışlar zamanı qeyd edilib ki, bu gün Yəməndə, İraqda , Suriyada, Fələstində, Əfqanistanda, Pakistanda, Sudanda, Somalidə, Nigeriyada, Myanmarda və dünyanın müxtəlif yerlərində hələ də uşaq nalələri eşidirik. Dünyada uşaqlara qarşı haqsızlıqlar bitmir səngimir. Hələ də Azərbaycanda Zəhraların canına qıyırlar.

Tədbirdə Dəhşətli Xocalı faciəsi və Dünyada və müsəlman ölkələrində zülmə məruz qalan uşaqlar haqqında “Muslimmedia” İnternet Televizyasının hazırladığı video çarxlar da nümayiş etdirilib.
Sonda şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.


GMİ sədri: “SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir”

“Gürcüstanın müsəlman icmasına Azərbaycan tərəfi böyük dəstək göstərir”.

 Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyxi Hacı Ramin İgidov bildirib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan “Socar Georgia Gas” şirkəti ölkədəki 72 məscidi təmənnasız təbii qazla təmin edir: “İbadət yerlərinin, xüsusən də qış aylarında, buna böyük ehtiyacı vardı. 2015-ci ildən başlayaraq məscidlərin təbii qazla təmin olunması üçün limitin ayrılması ilə bağlı “Socar Georgia Gas” şirkətinə müraciətlər edirik. Bütün müraciətlərimiz nəzərə alınır və Gürcüstanda ildən-ilə təmənnasız təbii qazla təmin olunan ibadət yerlərinin sayı artır”.

GMİ sədri bildirib ki, şirkət məscidlərə bir il üçün 110 min lari məbləğində limit təqdim edib: “Hər bir ibadət yerinə orta hesabla illik 1600-1700 lari düşür. Bu məbləğ məscidlər arasında ədalətli bölünür. Yəni şəhər və rayondakı məscidlərə kəndlərdəki ibadət yerlərindən daha çox limit verilir”.

R.İgidov qeyd edib ki, təmənnasız təbii qaz alan məscidlərin böyük əksəriyyəti Kvemo Kartli bölgəsində yerləşir: “Acarıstan və Pankisi bölgələrində də təbii qaza limitin təqdim edildiyi məscidlər var. Gürcüstanda 330-a yaxın məscid olsa da, bir çoxları təbii qazla təmin olunmayıb. Bu da həmin məscidlərin yerləşdiyi yaşayış məntəqələrinin hələ də qazlaşdırılmaması ilə əlaqəlidir”.

GMİ sədri SOCAR şirkətinin müsəlman icmasına dəstəyini əvəzsiz adlandırıb: “Bu olduqca böyük dəstəkdir. İdarəmiz adından hər zaman şirkətə minnətdarlıq ünvanlayırıq. Gürcüstanın bütün müsəlman ruhaniləri şirkətin bu qayğısını yüksək qiymətləndirirlər”, - deyə Şeyx Hacı Ramin İgidov bildirib.

Qeyd edək ki, şirkət ölkədə uzun müddət fəaliyyət göstərdiyi üçün Gürcüstanın pravoslav patriarxatına da pulsuz qaz kvotası ayırır, onlar isə bu kvotanı özləri ayrı-ayrı gürcü kilsələri arasında bölürlər. Gürcüstan Patriarxının açıqlamasına görə, hazırda qeyri-gürcü kilsələrinə pulsuz qaz kvotası şamil olunmur.

 


Gürcüstanda müsəlman din xadimlərinin əməkhaqqının artırılması ilə bağlı hökumətə müraciət olundu

Gürcüstanda müsəlman din xadimləri maddi sıxıntı yaşayır, bu səbəbdən hökumətə müraciət olundu.

  Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyx Hacı Ramin İgidov bildirib.

O deyib ki, müraciət Gürcüstan hökuməti ilə yanaşı, Dini Məsələlər üzrə Dövlət Agentliyinə də təqdim olunub: “Müraciətimizdə 430 axundun əməkhaqqının ən azı 20 faiz artırılmasını xahiş etmişik. Hazırda onların maaşları orta hesabla 350 lari təşkil edir. Gürcüstanda dolların son dövrlər bahalaşması səbəbindən din xadimlərinin əməkhaqqı azdır və onlar maddi sıxıntılarla üzləşirlər”.

GMİ sədri Gürcüstan hökumətinin və aidiyyəti dövlət qurumlarının müraciəti nəzərə alıb müsbət qərar verəcəklərinə ümidvar olduğunu qeyd edib.


RƏCƏB AYINIZ MÜBARƏK!

Published in YAZILAR Fevral 24 2020


RƏCƏB AYINIZ MÜBARƏK!

Sabahdan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylar dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır.

Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: "Eynər-racəbiyyun? (haradadır rəcəb ayının əhli?)". Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: "Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!". Bu zaman Allah taala tərəfindən nida gələr: "Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!". Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında".

RƏCƏB AYININ ƏMƏLLƏRNİDƏN;

1.Rəcəbin ilk gecəsi "Rəğaib" gecəsidir. Bu duanı oxumaq yaxşıdır: "Əllahummə barik ləna fi rəcəbin və şəbanə və bəlliğna şəhrə Rəməzan"

2.Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

3.Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs bir gündə olsa belə tutsa, ayın fəzilətindən bəhrələnə bilər.( Qeyd: Məlumdur ki, kimin qəza orucu varsa müstəhəbb oruc tuta bilməz. Yaxşıdır ki, həmin şəxs o günlərdə qəza orucu tutsun.)

4.Rəcəb ayında tövbə və istiğfar etmək və təhlil (yəni "la ilahə illəllah") demək.

5.100 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubu iləyh” demək.

6.1000 dəfə “La ilahə illəllah” demək.

7. Rəcəb ayının səhəri və axşamı 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” demək və zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desin: “Əlahumməğfirli və tub ələyyə”

8.“İxlas” surəsini çox oxumaq.

9.Bu ayın üç gününü cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.

10. Rəcəbin 15-nin gecəsində 12 rükət namaz qılmaq. Namazın qaydası belədir: Niyyət 2-rükətli namaz kimi qılınır(Sübh namazı kimi); Hər rükətdə "Fatihə"dən sonra "İxlas", "Fələq", "Nəs" surələrini və "Ayətül-kursi"ni hər birini 1 dəfə, "Qədr" surəsini isə 4 dəfə oxumaq; Namazı bitirdikdən sonra 4 dəfə demək: "Əllahu Əllahu Rabbi la uşriku bihi şəyən, və la əttəxizu min dunihi vəliyyə".

11.Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək.

RƏCƏB AYININ DUASI

Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) Rəcəb ayında hər şam və sübh namazından sonra sonra ona bu duanı oxumağı tövsiyə edir:
“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!”
“Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”

(Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!)
(Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalı‎mı‎ (üzümü) oda – cəhənnəm oduna!


MARNEULİDƏ HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR TƏŞKİL OLUNUB

Bu gün, Marneulinin Alget (Gorarxı) kəndində yerləşən “Muradoğlu” şadlıq sarayında Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə tədbir təşkil olunub. Tədbirə Marneuli və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin və Əhlibeyt Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimə dövlət rəsmiləri, Azərbaycan və İran İslam Respublikası səfirliklərinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin aparıcısı Hacı Mahir Məmmədov tədbir haqda məlumat verib tədbir iştirakçılarını salamladıqdan sonra Quran tilavəti ilə tədbiri açıq elan etmək üçün sözü Quran qiraətçisi Fuad İsayevə verib. Sonra ardıcıl olaraq təbrik və çıxış üçün din xadimləri və dövlət rəsmilərini kürsüyə dəvət edib.

Bayram tədbirində çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze və Gəncə şəhərindən Azərbaycanın dəyərli ruhanilərindən olan Hacı Vuqar İsgəndərov iki dünya xanımı Hz. Zəhranın (s.ə) fəzilət və məqamından, o xanımın örnək həyatından, Onun simasında İslamda ailə mədəniyyəti haqda geniş söhbətlər ediblər.

Gürcüstan Parlamentinin Marneulidən mojaritar millət vəkili Ruslan Hacıyev, Marneuli şəhərinin Meri Zaur Darğallı, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Azərbaycanın ölkəmizdəki səfirliyinin birinci katibi Sərxan İsmayılov və başqaları müsəlmanları əziz bayram günləri münasibəti ilə təbrik edib, çıxışları zamanı Həzrət Peyğəmbər (s) qızının nümunəvi üstün cəhətlərinə və dəyərli xüsusiyyətlərinə toxunublar.

Tədbir Azərbaycandan dəvət olunan Əhlibeyt məddahı Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfərinin ifasında Hz. Fatimeyi Zəhra (s.ə) haqqında şeir və ilahilərlə davam edib.

Nəhayət bayram süfrəsi ətrafında təşkil olunan tədbir "Fərəc" duası ilə yekunlaşıb. Mərasim iştirakçılarına jurnal, təqvim və praşurlar təqdim olunub.


GÜRCÜSTANDA HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİMLƏR TƏŞKİL OLUNUR

Bu günlərdə, Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlərin keçirilməsi nəzərdə tutulub.

Bu gün ilk tədbir Qardabaninin Qaracalar kəndində yerləşən “Səma” şadlıq sarayında keçirilib.
Qardabanidən, yaxın şəhər və kəndlərdən müsəlmanların qatıldığı mərasimdə din xadimləri, dövlət rəsmiləri, elm və ictimaiyyət xadimləri iştirak edib.

Mərasimin aparıcısı Ağ Təhlə kənd məscidinin axundu Fəyaz Şahverdiyev iştirakçıları salamlayıb, təbriklərini çatdırdıqdan sonra Qurani-Kərimdən ayələr tilavət etmək üçün sözü Məşədi Vidadi Qurbanova verib.

Şirniyyat süfrəsi ətrafında təşkil olunan mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Azərbaycanın Gəncə şəhərindən dəvət olunan tanınmış ruhani Hacı Vuqar İsgəndərov, Türkiyə Diyanət İşlər Başkanlığının nümayəndəsi Hacı Ahmet Erdem, Gürcüstan Müsəlmanları Qadınlar İcmasının sədri Gülşə Nemətova və başqaları çıxış ediblər.

Çıxış edənlər xanımlar xanımı Hz. Fatimənin (s.ə) məqam, şəxsiyyət və fəzilətlərindən, Hz. Zəhranın (s.ə) simasında İslamda ailə mədəniyyəti, qadın hüquqları və nümunəvi müsəlman qadının xüsusiyyətləri haqqında məlumat veriblər.
Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə təşkil olunan mərasim Azərbaycanlı Əhlibeyt məddahı, Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfəri şeir və ilahilərlə davam edib. Mərasimin sonunda dualar oxunub. Qonaqlara jurnal, təqvim və posterlər hədiyyə olunub.


Hacı Ramin İgidov: Bəzi problemlər var, Din Haqqında Qanun qəbul edilərsə bunların həll olacağını düşünürük

Gürcüstanda Batumidə məscid tikintisilə bağlı problemlərlə bağlı GMİ şeyxindən münasibət

Gürcüstanda Batumidə məscid tikintisilə bağlı problemlərin olması haqqında  İslamazeri.com Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidovdan münasibət alıb.

O təkcə Batumidə deyil, ümumiyyətlə məscid tikintisi zamanı yerli idarəetmə orqanları; Bələdiyyə və İcraetmə orqanları tərəfindən süni problemlər yaradıldığını təsdiq edərək problemin həlli haqqında deyib: "Bu problemlər Din Haqqında Qanunun olmamasındadır. Düşünürəm ki, Din Haqqında Qanun qəbul edilməsilə, orada əks olunacaq bəndlərdə bu cür problemlərin həll yolu göstəriləcək. Amma təbii ki, məscidin tikilişi üçün nəzarətin olmasının vacibliyini də düşünürəm. Çünki mənşəyi və mənbəyi məlum - ənənəvi dinlərin bu məscidləri tikmək və fəaliyyət göstərəcəyi məlum olması üçün şəffaflıq mühümdür."

Hacı Ramin İgidov sözlərinin davamında bir çox məscidin tarixi miras olaraq Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirliyindən qeydiyyatdan keçdiyini, onlarla məscidin reyestr mülki sənədində "meçeti" (məscid) qeyd olunduğunu deyib.

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi həmçinin sənədi olmayan məscidlərin isə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansına verildiyini, nazirlik isə Gürcüstan Müsəlmanlar İdarəsinə müddətsiz fəaliyyət etməsi üçün icazə verdiyini bildirib.


Hacı Ramin İgidov: Bəzi problemlər var, Din Haqqında Qanun qəbul edilərsə bunların həll olacağını düşünürük


ÖLKƏ PREZİDENTİ MÜXTƏLİF DİNİ KONFESSİYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün, Gürcüstan prezidenti Salome Zurabişivili ölkədə mövcud olan müxtəlif dini konfessiyanın rəhbər və nümayəndələrini Prezident iqamətgahında qəbul edib.

Görüşdə çıxış edən dövlət başçısı bildirib ki, Gürcüstan əhalisinin əksəriyyəti gürcü provaslav inancına mənsub olsalar da çoxdinli ölkəmizdə digər dinlərin də öz məxsus yeri var. Gürcüstanda bütün dinlər üçün tam azad şərait, onlar arasında tolerant münasibət və qarşılıqlı əlaqə mövcuddur: “Bu, Gürcüstanın unikallığından xəbər verir. Bu cür münasibətlər ölkəyə və cəmiyyətə sülh gətirir. Bu sülh dünya ictimaiyyətində gərginlik, mübahisələr, qütbləşmə və nifrətin alovlandırılmasının müşahidə edildiyi bir vaxtda olduqca gərəklidir”.

Tədbirdə Müsəlman icması tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev və Qərb üzrə müftisi Hacı Adəm Şantadze iştirak edib.
Tədbirdə xatirə fotoları çəkilib, dini icma nümayəndələri prezidentlə söhbət edib, fikirlərini bölüşüblər.


TBİLİSİDƏ UŞAQ HÜQUQLARI MÖVZUSUNDA KONFRANS TƏŞKİL EDİLİB

Bu gün Parlamentin Milli Kitabxanasında BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyinə həsr olunmuş konfrans təşkil edilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) və Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunan konfransda Gürcüstandakı dini icma rəhbər və təmsilçiləri, Parlament üzvləri, hökümət rəsmiləri, beynəlxalq və qeyri hökümət təşkilatları, diplomatik korpus və media nümayəndələri iştirak edib.

Konfransın əsas mövzuları Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası, Gürcüstanda Uşaq Hüquqları Kodeksi, müxtəlif dinlərdə azyaşlı və yeni-yetmələrin haqları və din xadimlərinin onların hüquqlarının qorunması və təbliğində rolundan ibarət idi.

Bütün Gürcustan Müsəlmanları İdarəsinin şeyx və müftilərinin iştirak etdiyi konfranda BGMİnin Qərbi Gürcüstan üzrə müftisi Hacı Adem Şantadze İslamda uşaqlara verilən haqq və dəyərlər haqqında danışıb. İslamda Uşaqların hüquqları haqqında danışan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov isə uşaqların fiziki, mənəvi, psixoloji, təlim və tərbiyə sahəsində olan ehtiyacları, eyni zamanda dini kəlamlara əsasən azyaşlıları həvəsləndirmə və yanlışlıqdan çəkindirmə hədd və qaydaları haqqında məlumat verib.

Konfransda Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun ölkəmizdəki rəsmi nümayəndəsi Hasan Xəlil, Gürcüstan Parlamentinin İnsan Hüquqları, Mülki İnteqrasiya Komitəsinin sədri Sopio Kiladze Gürcüstan Patriarxlığından Giorgi Pirtsxelani, Evangelist-Lüteran Kilsəsinin yepiskopu Markus Şox və başqaları çıxış ediblər.


4 -dən səhifə 27