Wednesday, May 27, 2020

HƏMVƏTƏNLİLƏRİMİZİ VƏ SOYDAŞLARIMIZI TƏBRİK EDİRİK!
Müstəqilliyiniz həmişəlik, ərazi bütövlüyünüz bərpa olsun. Sülh, tərəqqi, bolluq və firavanlıq arzulayırıq.


GÜRCÜSTANIN BAŞ NAZİRİ MÜSƏLMANLAR İDARƏSİNİN RƏHBƏRLƏRİ VƏ RUHANİLƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün, Baş nazir Giorgi Qaxaria hökümət admintriasiyasında Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri və idarənin bir neçə əməkdaşları ilə görüşüb. Görüş zamanı, Gürcüstanın baş naziri öncə ölkə müsəlmanlarını Ramazan Bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, Ramazan bayramı insanların bir-birinə yardımlaşma, sevgi və qayğı göstərməyi aşılayan önəmli bir bayramdır.

O, Gürcüstanda müxtəlif etnik və dini mənsubiyyətli vətəndaşların birgə dinc və mehriban yaşamasının çoxəsrli tarixi ənənəyə dayandığına toxunub. Eyni zamanda Gürcüstanın millətindən və dinindən aslı olmayaraq bütün vətəndaşlarının ölkənin rifahı, bütövlüyü və inkişafı yolunda əl-ələ verərək xidmət göstərdiklərini bildirib.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri hökmət başçısına təbrik və xoşarzularına görə təşəkkür edib, 26 May Dövlət Müstəqilliyi günü münasibəti ilə baş nazir və ölkə vətəndaşlarına təbriklərini çatdırıblar.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftilər dövlətin son zamanlar müsəlman icmasına göstərdikləri diqqət, yardım və qayğını yüksək qiymətləndirdiklərini dilə gətirib, buna görə baş nazirə minnətdarlıqlarını bildiriblər.

Sonda din rəhbərləri ölkədə dini zəmində müsəlmanları narahat edən müəyyən problemləri, o cümlədən: bəzi yerlərdə yeni məscidlərin tikilişində yerli idarəetmə orqanları tərəfindən yaradılan süni maniələri, tarixi məscidlərin abadlaşmasına olan ehtiyacı və məscidlərin qeydiyyatı sahəsindəki problemlərə toxunublar. Hökümət başçısının göstərişləri və dövlətin dini qurumu olan Dini Məsələlər üzrə Dövlət Agentliyinin və aidiyyatı qurumların vasitəçiliyi ilə mərhələli şəkildə həmin problerin həllinə nail olacaqlarına ümidvar olduqlarını bildiriblər.

Hökümət başçısı hər il Ramazanın sonuna yaxın günlərdə iftar süfrəsi ətrafında müsəlmanlarla bir araya gəldiklərini, bu il isə pandemiyadan dolayı yaranan üzürlü səbəbdən bu ənənəvi halın baş tutmadığına təəssüfləndiyini də qeyd edib. Müsəlmanlara pandemiya dönəmində göstərdikləri anlayışı müsbət dəyərləndirib.


QARŞIDAN GƏLƏN RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

Bağışlayan va Mehriban Allahın adı ilə
Əziz Müsəlmanlar!
Mübarək Ramazan ayını sona çatdırıb bayram ərəfəsinə daxil oluruq.
Qarşılamaqda olduğumuz Ramazan bayramı münasibəti ilə sizi, bütün ölkə və dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm.
Allah-taaladan əzəməti böyük olan rəhmət ayında tutulan oruc, edilən dua və ibadətlərinizin, yardım və xeyirxah əməllərinizin qəbul olmasını diləyirəm.
Mehriban yaradan öz əzəməti və bu ayda nazil etdiyi Qurani-Kərimin hörmətinə ailələrə cansağlığı, xösbəxtlik, körpələrə sevinc, süfrələrə bərəkət nəsib etsin. Aləmlərin rəbbi olan Allah hər birinizə neçə-neçə Ramazanı yaşamağı nəsib edib, hər növ xəstəliklərdən, xəta və bəlalardan uzaq
etsin. Sevgili Peyğəmbərimiz və pak əhlibeyti hörmətinə ölkəmizə və dünyaya sülh, əmin amanlıq, bolluq va firavanlıq bəxş etsin. Amin!

Hacı Ramin İgidov,
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi


FİTRƏ ZƏKATI HAQDA SUALLARA CAVAB

BU İL ÜÇÜN GÜRCÜSTANDA ADAMBAŞI FİTRƏ ZƏKATI
ƏN AZI 4 LARİ HÜDUDUNDA GÖTÜRÜLÜR
İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.
--------------------------------------------------------------------------------
Fitrə zəkatı kimlərə düşür:
Həddi buluğa çatmış fəqir olmayan hər kəsə - özünün və onun himayəsində olan (çörəyini yeyən şəxslərə).

Fitrə zəkatının cinsi və miqdarı:
Hər nəfər üçün 1sa' (təqribən 3 kq) buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanın (yəni xurma və kişmişin) qiyməti dəyərini versinlər.

Fitrə zəkatının vacib olması və çıxarılma vaxtı :
Fitr bayramının axşamı;

Fitrə zəkatının verilmə vaxtı:
Bayram gününün zöhrünə qədər;

Fitrə zəkatını kimə vermək olar:
Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz.

DİQQƏT: İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcınə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur.


ALLAH AYINDA, ALLAH EVİNDƏ, ALLAHA SƏCDƏDƏ ALLAHIN SEVİMLİSİ “ÖZÜNÜ ALLAH BƏNDƏSİ HESAB EDƏN” ŞƏXS TƏRƏFİNDƏN ŞƏHİD EDİLDİ

İslam tarixində demək olar ki, müsəlmanın müsəlman bir şəxsiyyətə qarşı cinayətin ən böyüyü İbn Mülcəmin əli ilə oldu. Allah ayında, Allah evində, Allaha ibadət edərkən Allahın Vəlisi - yəni Həzrət Əli (ə) İbn Mülcəm adlı bir ibadətdən dizləri qabar olmuş cahil ifratçı müsəlman tərəfindən zəhərlənmiş qılıncla qətlə yetirildi.
Bu hadisədə Hz. İmam Əli (ə) kimi məsum şəxsiyyət zərbə aldıqda: “And olsun Kəbənin Allahına ki, qurtuldum” deyərək ah çəkibdir. Doğrudan da Əli (ə) qurtulmuşdu. Canını qurtarmışdı. Çünki sözlərini quyuya danışan, haqsızlığa uğrayan, olduğu kimi tanınmaz şəxs artıq yorulmuşdur.
Hictətin 40-cı ilinin Ramazan ayının 19-cü gecəsi onun cisminə terror edildi. Ancaq unutmayaq, O şəxsiyyətə şəhadətə yetdiyi gecəyə qədər az terror edilməmişdi. Onun cisminin qətlinin iştirakçısı tək İbn Mülcəm olsa da, qətl gününə qədər şəxsiyyətini qətl edənlər az deyildi. Özü də hamısı İslam ümməti iddiaçısında olanlar.
Şəhid olan günə qədər o qədər haqqında təhqirlər, yalan məlumatlar və söyüşlər söyləmişdilər ki, namaz üstə şəhid olduğunu eşidəndə təəccüb etmişdirlər. “Məgər, Əli (ə) namaz qılırdımı?”deyə.
Elm dəryası, möminlər ağası, yetimlər atasını zamanasının müsəlmanları düzgün tanıya, dəyər verə bilmədi. Görəsən indi bu zamanada yaşasaydı necə, düzgün qiymət verilərdimi? Fikrimcə yox, çünki görürük ki, hər zamanın öz İbn Mülcəmləri, Yezidləri var. Bir dostum demişkən “Bəzi müsəlmanlar İbn Mülcəmə nifrət edərək özü də bilmədən içərisində bir İbn Mülcəm bəsliyir”.
* * *
İbn Mülcəm kimdir? Bu haqda daha gözəl şəkildə savadlı teloq və filosof kimi tanıdığım Emin İmanlı qardaş öz Facebook səhifəsində qeyd edibdir. Mən də bu gözəl tanıtımı sizə təqdim edirəm:

İbn Mülcəm kimdir?
İbn Mülcəm sadəcə tarix kəsiyində yaşamış bir fərdin adı deyil.
İbn Mülcəm xəyal və təəssüblərin əsiri olan biridir.
İbn Mülcəm hər kəsin həyatına çevrilə bilər.
İbn Mülcəm özünü mütləq həqiqət sanan bir azğındır.
İbn Mülcəm Allah adı ilə adam öldürür.
İbn Mülcəm məscidə gedir, amma zalım və azğındır.
İbn Mülcəm mən, sən və s. ola bilər.
İbn Mülcəm ad deyil, məramdır.
İbn Mülcəm sadəcə Əlinin qatili deyil, həm də ağıl və şüurun qatilidir.
İbn Mülcəm ikiüzlülük qılıncı ilə "həqiqət"in başını yaran kəsdir.
Həqiqət:
– insanlıq və azadlıqdır,
– qurtuluşdur,
– nəfsə tapınmağa, qüdrət sevdasına yox deyə bilməkdir.
Həqiqətlə savaşırıqsa, deməli, İbn Mülcəm adına layiq biriyik, hərçənd, şəxsiyyət vəsiqəmiz bu adı təsdiqləməsə də.


EVLƏRİMİZDƏ QƏDR GECƏLƏRİ KEÇİRƏK!

Bu il müqəddəs Qədr gecələri May ayının 12, 14 və 16-cı gecələrinə təsadüf edir. Karantin vəziyyətindən dolayı cəm şəkildə ibadət və mərasimlərimizi yerinə yetirə bilmədiyimizdən evlərdə keçirməyə şərait yaratmaq üçün Muslimmedia kanalı canlı kimi yayım edəcəkdir. YouTube və Sosial şəbəkələr vasitəsi ilə gecə saat 00:30-dan etibarən Quran tilavəti, Qədr gecələrinin əməlləri, duaları, söhbətlər və s. yayımlanacaqdır. Evlərimizdən bu proqramı izləyərək min aydan üstün olan, duaların qəbul olduğu gecələrin mənəvi proqramlarından birgə faydalana bilərik.
Allah hər kəsin dua və ibadətlərini qəbul etsin! Amin!

QƏDR GECƏSİ NƏDİR?

Qədr gecəsi – Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Quranın nazil olduğu gecədir. Qurani-Kərim əziz İslam peyğəmbərinin mübarək qəlbinə iki cür nazil olub: 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə. Yəni Həzrət Peyğəmbər (s) hələ insanlara Quranı çatdırıb qurtarmamışdan öncə, Qədr gecəsində Allah kitabını bütövlükdə mənimsəmişdi.
“Qədr gecəsi” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” mənasını daşıyır. Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına. Dinimizə əsasən, insanın taleyi öz əlindədir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri əməllərin qurbanı olur. Qədr gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtarsınlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir.
Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir.
Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri İslam aləmində qəmli günlərdən sayılır. 19-cu gecə İmam Əli (ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhid olub. Odur ki, bu gecələrdə Həzrət Əlini(ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək, o həzrətə təvəssül etmək mühümdür.
Qeyd edək ki, Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, müsəthəbdir. Bacardığınız qədər bu gecə Allaha xatir ibadət edin.

QƏDR GECƏLƏRİNİN ƏMƏLLƏRİ

Hər üç gecə üçün müştərək olan və adətən sübhə qədər oyaq qalınıb yerinə yetirilən əməllər aşağıdakılardır:
1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq.

  1. Quran oxumaq.
  2. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.
  3. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın. Habelə, Allahdan çoxlu əfv dilənsin.
  4. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.
  5. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:
    [Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar]
    “İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”.

SONRA
Quranı başa qoyub aşağıdakı duanı oxumaq:
[Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə]
“İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”.
Bikə ya Allah! – Özünə xatir, ilahi!
Bi Muhəmmədin! (10 dəfə) – Muhəmmədə (s) xatir!
Bi Əliyyin! (10 dəfə) – Əliyə xatir
Bi Fatimətə! (10 dəfə) – Fatiməyə xatir!
Bil-Həsəni! (10 dəfə) – Həsənə xatir!
Bil-Huseyni! (10 dəfə) – Hüseynə xatir
Bi Əliyyibnil-Huseyni! (10 dəfə) – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir
Bi Muhəmməd ibni Əliyyin! (10 dəfə)– Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir
Bi Cəfər ibni Muhəmməd! (10 dəfə) – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir
Bi Musəbni Cəfər! (10 dəfə) – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir
Bi Əliyyibni Musa! (10 dəfə) – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir
Bi Muhəmməd ibni Əliyyin! (10 dəfə) – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir
Bi Əliyyibni Muhəmməd! (10 dəfə) – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir
Bil-Həsən inbni Əliyyin! (10 dəfə) – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir
Bil-Huccəti! (10 dəfə) – Höccətə (İmam Sahibəzzamana) xatir
Duanın bu yerində Allahdan öz istəklərinizi diləyin.

  1. Cövşən-Kəbir duasını oxumaq.
    Allah qəbul etsin. Lütfən bizi də dualarınızda unutmayın!

HƏZRƏT İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRİK

Ramazan ayının 15-i (sabah) Əziz Peyğəmbərimizn (s) birinci nəvəsi, müsəlmanların ikinci imamı Həsən ibni Əlinin (ə) mövlud günüdür.
* * *
İmam Həsən (ə) hicri-qəməri tarixinin 3-cü ilində mübarək ramazan ayının 15-də Yəsrib (Mədinə) şəhərində dünyaya gəlib. Tarixi hədislərə əsasən imamın adını elə babası Həzrət Məhəmməd Peyğəmbər (s) qoyub. Peyğəmbər uşaq doğulan zaman bir qoyunu qurban kəsib yoxsullara paylayır və saçlarını qırxaraq onun miqdarında nəzərdə tutduğu gümüşü yoxsullara verir.
Tarixi mənbələrə əsasən İmam Həsənin (ə) öz babası Məhəmməd peyğəmbərə (s) bənzərliyi daha çox olub. Peyğəmbər imam Həsən (ə) və imam Hüseyni (ə) behişt gənclərinin ağası adlandırıb.
* * *
Həzrət Əlinin (ə) şəhid edilməsindən sonra müsəlmanlar imam Həsənə (ə) xəlifə kimi beyət edirlər. Daha sonra imam müsəlmanlar arasında qırğın və müharibənin qarşısını almaq üçün Müaviyə ibni Əbu-Süfyanla sülh sazişinə girməli olur. İmam hicrətin 57-ci ilində səfər ayının 28-də Müaviyə ibni Süfyanın hiyləsi ilə zəhərlənərək, şəhid edilir.
İmam Mədinə şəhərinin Bəqi qəbristanlığında dəfn edilir. Təssüflər olsun ki, məzarın üzərindəki məqbərəsi dağıdılan dörd imamdan biridir.


TƏHQİR MƏRDİMƏZAR VƏ ACİZLƏRİN, TƏMKİN VƏ MƏNTİQ İSƏ LƏYAQƏTLİ İNSANLARIN ÖZÜNÜ İFADƏ FORMASIDIR

Ölkəmizin koronavirusla mübarizə apardığı çətin günlərdə təəssüflər olsun ki, ara-sıra bəzi şəxslərin tərəfindən bir millətə və bögənin sakinlərinə qarşı ksenofob, kobud təhqiredici və etikadan kənar yazılarının şahidi oluruq.

Bu “patriot” iddialı kor-koranə nasionalist və nasist düşüncəli insanlar, demokratik şəraitdə olan ölkəmizin söz azadlığından suistifadə edib sosial media üzərindən bir vətəndaş xalqın şərəfini alçaltmaq, hisslərinə toxunmaq məqsədi ilə təhqir və böhtan qarışıq ifadələrlə dolu yazılar paylaşırlar.

Belə vəziyyətdə onlarla vətəndaşı olduğumuz dövlət və təhqir olunan xalqımızın nümayəndəsi necə davranmalıdır?
Dövlətin müvafiq orqanları bir xalıqın milli mənəvi dəyərləri açıq-açığına təhqir edilərkən, həmin millətin nümayəndələrinin hissləri ilə oynadıldıqda, qəti şəkildə cinayət məsuliyyətinə cəlb etməli, təhqiramiz ifadələr işlədən kimliyindən, vəzifəsindən və şəxsiyyətindən aslı olmayaraq, ölkə qanunları çərçivəsində qanunla cəzalandırılmalıdırlar. Bu halın təkrarlanmaması üçün mütləq ölçü götürülməlidir.

Bir vətəndaş və xalqımızın bir nümayəndəsi olaraq mənə görə təhqirə təhqirlə cavab vermək, azacıq fərqli olsa da müəyyən qədər səhvi təkrarlamaq, vəziyyəti daha da gərginləşdirməkdən ibarətdir. Belə halda təhqiredici ifadələr işlədənə heç cür səhvini anlatmaq olmaz, həm də haqlı ikən haqsız duruma düşərək, öz milli keyfiyyətmizi isbat edə bilmərik. Bir də ki, belə nalayiq yazılar əgər müəyyən təxribat və məkirli planlar məqsədi ilə edilmiş olarsa, bu zaman düşmənin dəyirmanına su tökmüş olarıq.

Bildiyimiz kimi dinimiz də təhqirə yol verilməsinin əleyhinədir. Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, ləyaqətli, cəsarətli və qüdrətli insanlar təhqir və böhtana heç vaxt əl atmır, əksinə öz mövqelərini üslubuna uyğun şəkildə dəlillərlə ortaya qoyar, isbat etməyə çalışarlar.

Həzrət Məhəmməd Peyğəmbərimiz (s) buyurub: “Kişinin gözəlliyi dilinin gözəl dаnışmаsı ilədir.” İmаmımız həzrət Əli (ə) isə: “Dilin səni uzun müddətli zindаnа və həlаkətə sаlmаmışdаn qаbаq оnu zindаnа sаl. Çünki heç bir şey düz yоldаn çıхаn və cаvаb verməyə tələsən dil qədər uzun müddətli həbsə lаyiq deyildir.” deyə buyurubdur.

Nensi Uilyardın belə bir məsləhəti var: “Mərdimazarın əsas məqsədi qarşı tərəfin təmkinini pozmaqdır. Təmkini itirən şəxs isə artıq onun əlinə düşmüş olur”.
Bir də ki, hər kəsin sözünə görə də narahat olub onları gözümüzdə böyütməməliyik. Atalarımız demişkən “Öz anasını sevən, özgə anasını söyməz”. Ona görə də hər gizli profillərlə və ya şəxsiyyəti bilinməyənə də cavab vermək lazım deyil. Necə ki, Şarl Lui Monteskyo demişkən “Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər.” Burada Mövlananın türkcə məşhur sözü də yada düşür: Suskunluğum asaletimdendir. Her lafa verilecek bir cevabım var. Lakin bir lafa bakarım laf mı diye. Bir de söyleyene bakarım adam mı diye?”

Sonda onu demək istərdim ki, çoxmillətli və çoxdinli rəngarəng ölkəmizin hər bir güşəsi bizim vətənimizn bir parçasıdır. Bu vətən də dinindən, millətindən və irqindən aslı olmayaraq bütün biz vətəndaşların anasıdır. Bu günə qədər necə ki, əziz gürcü xalqı ilə birgə azərbaycanlı vətəndaşlar da bu vətəni sevmiş, keşiyində durmuş, onun rifahı, inkişafı və çiçəklənməsi uğrunda çalışmışlar, bundan sonra da belə davam edəcəklər. Nalayiq sözlər yazıb münasibətləri pozmağı düşünən insanlar da bilsinlər ki, onların sözləri yalnız özlərinə nifrət qazanmaqdan başqa bir işə yaramayacaq. Heç kəs millətlər arasında olan tarixi dostluğa xələl gətirə bilməyəcəkdir.

Hacı Ramin İgidov,
Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi


İFTAR SÜFRƏLƏRİMİZİ EHTIYACLI İNSANLARIN ÖZ EVLƏRINDƏ TƏŞKİL EDƏK

Ramazan ayının gözəl ənənələrindən biri də iftar süfrəsi açmaqdır. İftar süfrəsi açıb insanları bu süfrəyə dəvət etmək İslam dinində böyük savaba, mükafata malikdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bu ayda oruc tutan möminə iftar verərsə, o, Allah-Taala yanında qul azad etməyin savabını qazanmış olar və keçmiş günahları bağışlanar”.

Təssüflər olsun ki, bu il məlum virusa görə yaranan karantin rejimində hər hansı bir yerdə iftar təşkil edib möminləri dəvət etmək sağlamlıq baxımından dolayı tövsiyə olunmur. Həm də ölkədə tətbiq olunan komendant saatına təsadüf edir.

Ona görə də belə vəziyyətdə iftarlarımızı iftar üçün ərzaq alıb tanıdığımız yoxsul ailəyə təqdim etməklə və ya ərzaqın qiymətini (adambaşına təqribən 8-10 lari) hesab edərək ehtiyaclı ailə üzvlərinə verməklə iftar açmalarına səbəb ola bilərik. Bununla da hədislərdə qeyd olunan İftar vermənin savabına nail olmaq mümkündür.

Gürcüstan Ruhaniləri Heyəti, (Gürcüstan Müsəlmanları İdarəsi)


TƏQVİM HAQDA SORUŞULAN SUALLARA CAVAB:
_______________________________________________

NƏDƏN İMSAK (SƏHUR) VƏ SÜBH AZANI AYRI VERİLİR? BİR HALDA Kİ, İMSAK (ORUC OLMAQ) ELƏ SÜBH AZANINDAN BAŞLANILMIRMI?

Əziz müsəlmanlar. Neçə illərdir ki paylaşdığımız təqvidmə İMSAK və SÜBH AZANInın fərqli verilməsi ayrı-ayrı Geofizik mərkəzlərinin fərqli təqdim etdiyi azan vaxtlarına görədir. Hansının daha düzgün olduğu bizə tam dəqiqliklə müəyyən olmadığından orucumuzun və həm də namazımızın vaxtında düzgün əda olunması üçün ehtiyat edərək ikisinə də əməl edirik. (Bu vəziyyətdə olub əlacsızlıqdan belə əməl edən qonşu Azərbaycan kimi başqa ölkələr də var.)
_______________________________________________

MƏĞRİB AZANINDA DA EHTİYAT ETMƏLİYİKMİ?

MƏĞRİB – axşam azanına gəlincə isə, verilmiş təqvimin aşağısında qeyd olunduğu kimi bir neçə dəqiqə (təq.5 dəqiqə) ehtiyat etməniz təkidlə məsləhət görülür.
_______________________________________________

QEYD edək, təqvim Tbilisi üfüqü ilədir. Paytaxtdan məsafə baxımından daha uzaq yerlərdə olan Kaxeti bölgəsi (laqodexi, Saqareco rayonları) imsak və sübh namazı üçün daha 5 dəqiqə öncəyə görə əməl etməlidirlər.

Bir sözlə:
İMSAKa qədər yeyib içə bilərik.
SÜBH AZANI yazılan vaxt namazımızı qılırıq.
AXŞAM azanına yəni İFTARA da 5 dəqiqə ehtiyat edib orucumuzu açır, namazımızı qılırıq.

ALLLAH ORUC VƏ NAMAZ, DUA, XEYİRXAH ƏMƏL VƏ BÜTÜN İBADƏTLƏRİNİZİ QƏBUL ETSİN. AMİN!


1 -dən səhifə 27